Vaxt.Az

Kimə sərf edir?


 

Dünyada ciddi geosiyasi gərginlik yarananda ilk sual yaranır

Kimə sərf edir? İndi dünyada 3 əsas nüvə arsenalı olan, geosiyasi vəziyyətə müxtəlif formada və gücdə təsir imkanı olan ölkə var – ABŞ, Çin, Rusiya.

Geosiyasi oyunçu kimi zəifləmiş, amma, hələ də müəyyən təsir mexanizmləri olan Avropa Birliyi var.

ABŞ-la müəyyən fikir ayrılıqları olsa da, amma, 90 faiz birgə davranan Böyük Britaniya var.

Geosiyasi güc olmağa çalışan Hindistanı da qeyd edə bilərik.

Bundan başqa fraqmental dünyada yeni güc mərkəzi olmağa layiq olan, bunun üçün çalışan Türkiyə var.

Pulu çox, birbaşa təsiri az, maraqlarını pulla almağa çalışan Ərəb Körfəz ölkələrini də siyahıya salmaq olar.

Afrika, Latın Amerikası, Avstraliya, ümumiyyətlə oyun qurucu deyillər, oyunun parçası ola bilərlər.

İran ətrafında gərginliyin artığı, fars-molla rejiminin son 2 ildə zəiflədilməsi strategiyasının son ayağı işə düşdüyü zamanda münaqişənin bu ölkələrə təsirlərinə baxaq.

ABŞ – istənilən halda son söz sahibi və moterator kimi uduşlu vəziyyətdədir, hər iki tərəf ABŞ-dan asılıdır. İran danışmaq, İsrail isə vuruşmaq istəyir – hər iki halda da ABŞ son söz sahibidir.

Rusiya – Kremlə tam sərf edən vəziyyətdir: 1. Ukrayna məsələsi gündəmdən düşür, Rusiya vəhşi hücumlarını artırır. 2. ABŞ Rusiyanı İran məsələsində masaya daxil etmək istəyir. Moskva da öz maraqlarına görə İranı “satmağa” tam hazır vəziyyətdədir.

Çin – İran Çinin ucuz neft mənbəyi idi, bu mənada, Çinə ziyanlıdır, amma Çin İrandan neft “dost” olduğuna görə deyil də, neft ucuz olduğuna görə alırdı-alır, hətta, dəyərini hamısını pul şəklində də vermirdi, neftin dəyərinin böyük bir hissəsini, təqribən, 30 faizini öz malları ilə ödəyirdi ki, bu da Çin istehsalçılarına xeyir idi. Amma, müəyyən iqtisadi itkiləri olsa da, bu münaqişədən geosiyasi uduşları da var – Qərbin, ABŞ-ın başı nə qədər çox Ukraynada, İranda, Yaxın Şərqdə qarışsa, Çin istiqamətinə, Sakit Okean bölgəsinə bir o qədər az resursu və zamanı qalacaq.

Avropa Birliyi – AB son illərdə öz strateji səhvlərinə görə ciddi geosiyasi oyunçu statusunu ciddi olaraq itirib, indi ABŞ-ın quyruğunda sürünməyə məhkum olub, amma, hələ də müəyyən resursları var, hətta İran məsələsinə müxtəlif cür baxan ölkələr də var. Fransa ənənəvi olaraq İrana daha yaxındır, mövqeyi yumşaqdır, amma, Almaniya tarixinə, “keçmiş yoldan asılılıq” prinsipinə görə daha sərt mövqedədir. Amma, İran dünya siyasətinə və iqtisadiyyatına geri dönsə, sanksiyalar götürülsə, bundan ən çox udan AB ölkələri olacaq. İran yeganə ölkədir ki, enerji məsələlərində, təchizatında Rusiyanı tam əvəz edə biləcək potensialı var. Bundan başqa, İran iqtisadiyyatı və bazarı “acdır”, AB ölkələri bu “aclığı” ciddi fürsət bilirlər.

Hindistan – bu məsələdə açıq olmasa da, İranın qarşısındadır, İranı öz strateji rəqibləri olan Çinə və Pakistana dost bilir, buna görə də, “düşmənimin dostu mənim düşmənimdir”, prinsipi ilə davranmağa çalışır.

Körfəz ölkələri – İsraili publik qınasa da, amma zəif İran onların ən böyük arzusudur.

Qardaş Türkiyə – publik və ritorik olaraq anti-İsrail mövqeyindədir, amma, Suriyadan İran və Rusiyanı İsraillə birgə qovdular, İranın bölgədə zəifləməsi rəsmi Ankaranın ümumi strateji maraqlarına uyğundur. Sadəcə, bəlli risklər də var ki, Ankara indi o riskləri amortizasiya etməklə məşğuldur – arzu edirəm, inanıram ki, buna nail olacaqlar.

Yəni, həzərat, İran xalqından başqa bu münaqişə hamıya bir cür sərf edir, hamı bir şəkildə öz maraqlarını təmin edir, olan isə yenə günahsız insanlara, sadə vətəndaşlara olur. Ona görə də, İran xalqı da öz maraqlarını anlayıb, buna görə davranacağını düşünürəm...

 





18.06.2025    çap et  çap et