Dünya İranın zəiflədiyini bilirdi, amma bu qədər çarəsiz durumda olduğunu gözləmirdi. İndi isə aydın olur ki, İranın ciddi bir müqavimət imkanları yoxdur. Belə şəraitdə “molla rejimi”ndən birdəfəlik xilas olmaq planı aktuallaşıb.
Gözlər şahın oğlu Rza Pəhləviyə yönəlib. O, İran diasporunda və müəyyən elita dairələrində hörmətə malikdir. Xomeyninin idarəçiliyi İranı elə bir vəziyyətə gətirib ki, ölkə daxilində də şah dövrünə simpatiya duyan geniş kütlə formalaşıb. Amma Pəhləvi İrandan cəmi 18 yaşında çıxıb, həyatının böyük hissəsini ABŞ-da keçirib və bu gün 64 yaşındadır. İranı biz nə qədər tanıyırıqsa, o da o qədər tanıyır.
Bu səbəbdən, əgər rejim dəyişikliyi baş verərsə, ilk mərhələdə keçid hökuməti qurulacaq. Bu hökumətə rəhbərlik üçün ən real namizəd hazırkı prezident Məsud Pezeşkiandır. O, həkimdir, indiyədək heç bir rejim cinayətində iştirak etməyib, liberal dairələrdə hörməti var. Dövlət aparatını və idarəetməni yaxşı tanıyır. Savaş başlayandan bəri ritorikasında nifrət, təhqir və ekstremizm çağırışlarından uzaq durur ki, bu da onun prosesdən xəbərdar olduğunu göstərir.
Rza Pəhləvi planının real olmadığı qənaətindəyəm, çünki o, İranı yetərincə tanımır. SSRİ dağılandan sonra Gürcüstan, Orta Asiya ölkələri, Ukrayna, Rusiya, Azərbaycan və Belarusda sistemin içində olan, Leninə baba deyən şəxslər önə çıxdı. İranda da eyni model təkrarlanacaq.
Keçid hökumətinin nə formada olacağı gələcəkdə məlum olacaq. Amma İranı bütöv saxlamaq çətin olacaq. Söhbət yalnız Azərbaycan türklərindən getmir. Lurlar, kürdlər, türklər, qaşqaylar, bəlluclar, farslar, giləklər hamı bir-birinə nifrət bəsləyir. Rejim xalqın birliyini pozmaq üçün uzun illər bu parçalanmanı bilərəkdən dərinləşdirib, süni torpaq və su mübahisələri yaradıb, milli kimlikləri qarışdırıb. Bu siyasət ölkədaxili etimadı sarsıdıb və parçalanmanı dərinləşdirib.
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi. Ölkədə din qalmayıb, şəriət sistemi çökür. Keçid hökumət, Pəhləvi ya başqası, kimi tapsalar bundan o tərəfə diktatura qurmaq gücündə deyil.