Əslində son FED iclasından sonra iyun ayında faizlərin düşürüləcəyi gözlənilirdi. Əgər FED faizləri həqiqətən sabit saxlasa bu Trampı ciddi bir şəkildə əsəbləşdirəcək. FED-ə qarşı arqumenti bu olacaq ki, siz indiyə qədər datalar əsasında qərar qəbul etdiyinizi bildirirdiniz. İnflyasiya göstəriciləri gözlənilən səviyyədə isə niyə düşürmürsünüz? Gələcək gözləntiləri niyə əsas götürürsünüz?
Qeyd olunan Tramp-FED gərginliyi Trampı neft qiymətlərinin aşağı salınması üçün daha kəskin və sürətli addımlar atmağa sövq edəcək. Çünki, yuxarı faizlər ABŞ büdcəsi üçün faiz xərclərinin yüksək qalması, büdcə kəsirinin isə artması (vergilər də azaldılır) deməkdir ki, bu da Tramp üçün risklidir.
FED üçün daha praqmatik addım faizlərin 0.25-0.5 faiz düşürülməsi olar. Lakin, Trampı bu qədər düşürülmə qane etmir. Tramp ən azı 1-1.5 faiz düşürülmə gözləyir. Əslində, 0.25-0.5 faiz düşürülməsi ciddi risklər yaratmaz, bu az səviyyədə düşürülmə Trampı qane etməsə də. Görəcəyik.
ABŞ Yaxın Şərqə böyük miqdarda qoşun, təyyarə və hərbi gəmilər toplayır. Əlavə 5 hərbi gəmi gəlməkdədir. Sonuncu dəfə bu qədər qoşun İraq müharibəsi zamanı toplanmışdı.
Avropa Birliyi xarici sərhədlərini bağlayır ki, bu da gözlənilən qaçqın axınının qarşısını almaq və mümkün terror aktları risklərini minimallaşdırmaq məqsədini güdür.
İranla bağlı məsələ demək olar ki, aydındır. Burada baş verəcəklər sürpriz deyil. Hadisələr növbəti günlərdə daha sürətli və kəskin şəkildə cərəyan edəcək. Burada sürpriz olacaq məsələ o olar ki, İsrail fasilə vermədən, nəfəs almadan növbəti mərhələyə keçsin. Görünən isə odur ki, növbəti mərhələdə ABŞ ya birbaşa, ya da dolayı yolla (aktiv müdafiə mövqeyində) daha ön planda iştirak edəcək.