Vaxt.Az

Fikrə getdi bir qədər...


 

Ağ Ev: “Tramp iki həftə ərzində İrana hücumla bağlı qərar verəcək”

Fikrə getdi bir qədər... Yaxın Şərqdə İsrail və İran arasında gərginliyin artması dünyada narahatlıq doğursa da, ABŞ prezidenti Donald Trampın verəcəyi qərar bütün prosesin gedişatını dəyişə bilər.

Ağ Ev bəyan edib ki, Tramp qarşıdakı iki həftə ərzində İranın hərbi və nüvə obyektlərinə İsraillə birgə hücuma qoşulub-qoşulmayacağına qərar verəcək.

Ağ Evin sözçüsü Karolin Livitt bu gün keçirdiyi mətbuat konfransında Trampın diplomatiya variantını tamamilə bağlamadığını deyib: “Biz yaxın gələcəkdə İranla danışıqların mümkünlüyünü qiymətləndiririk. Prezident bu hadisələr fonunda iki həftə ərzində qərarını açıqlayacaq”.

Digər tərəfdən, ABŞ-ın münaqişəyə daha çox qarışacağını göstərən xəbərlərə baxmayaraq, prezident Donald Tramp hələ hərbi müdaxilə edib-etməmək barədə qərar vermədiyini demişdi.

Hesabatlar Trampın İsrailin İranın nüvə obyektlərinə hücumuna potensial dəstəyi nəzərdən keçirdiyini göstərir.

İranın dini lideri Ayətullah Əli Xameneyi dünən xəbərdarlıq edib ki, ABŞ-ın hər hansı hərbi müdaxiləsi onlara “düzəldilməz zərər” verəcək.

Livittinin bəyanatı İsrailin İranın Əraqdakı ağır su nüvə reaktoruna hava zərbəsi endirməsindən sonra verilib. İran hakimiyyəti obyektin boşaldıldığını və radiasiya sızması riskinin olmadığını bildirib.

İran bu hücumu BMT-yə çatdıraraq, Təhlükəsizlik Şurasının İsraili qınamasını tələb edib. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani hücumu “dinc nüvə fəaliyyətlərinə qarşı beynəlxalq hüququn açıq şəkildə pozulması” adlandırıb.

Bu hadisələrdən əvvəl İrandan atılan raketlər İsrailin cənubundakı xəstəxanaya düşüb. Pəncərələr sınıb, yanğın baş verib, lakin tələfat olmayıb. Təl-Əvivdə də yaşayış binası vurulub. İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində azı 240 nəfər yaralanıb, 4 nəfərin vəziyyəti ağırdır.

İsrailin müdafiə naziri İsrail Katz İranın ali dini lideri Xameneyini qınayıb və deyib: “Hərbçilərimiz bilir ki, məqsədlərinə çatmaq üçün o, artıq mövcud olmamalıdır”.

***

Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri sabah Cenevrədə İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşəcək. Bu görüşə istinad edən BMT-nin baş katibi Antonio Quterreş diplomatik kanalların tükənməməli olduğunu vurğulayıb.

“Həddindən artıq çox insan öldü. Hərbi əməliyyatlar dayandırılmalı və diplomatiya geri qayıtmalıdır”, - BMT sözçüsü bildirib.

İtaliyanın xarici işlər naziri Antonio Tajani də ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə “İranın nüvə bombası olmamalıdır” mesajını təkrarlayıb və Qəzzada dərhal atəşkəs və humanitar yardımların bərpasının vacibliyini vurğulayıb. Rubio bildirib ki, Tramp administrasiyası da bu istiqamətdə hərəkət etmək istəyir.

Kanadanın xarici işlər naziri Anita Anand İsrail, İordan çayının qərb sahili və İrandakı kanadalıların qonşu ölkələr vasitəsilə təxliyə ediləcəyini və bu proses üçün bölgəyə konsulluq qruplarının göndərildiyini açıqlayıb.

***

Yəmənin husi terrorçularının lideri Əbdül-Malik əl-Husi İranın İsrailə hücumlarını effektiv hesab etdiyini bildirib. “İsrail bu hücumla böyük bir qələbəyə ümid edirdi, lakin uğursuz oldu”, – Əl-Husi deyib.

O, Husi qüvvələrinin İsrailə dəniz zərbələri də daxil olmaqla, hərəkətlərini davam etdirəcəyini açıqlayıb.

***

İsrail iyunun 13-də səhər saatlarında İranın paytaxtı Tehranı hədəfə alıb. Partlayışlar bütün şəhərdə əks-səda verdi. İsrail zərbələrin nüvə və hərbi obyektlərə endirdiyini açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatın “Yüksələn Aslan” adlandırıldığını açıqlayıb. Zərbələrdə 200-ə yaxın İsrail təyyarəsi iştirak edib və 100-ə yaxın hədəfi vurub.

Zərbələr nüvə proqramı ilə əlaqəli yüksək səviyyəli komandirlər və nüvə alimlərini öldürdü.

Hücumlar İranın nüvə proqramında sürətlə irəliləməsi səbəbindən gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyəti iyunun 12-də İranı müfəttişlərlə əməkdaşlıq etmədiyinə görə 20 ildən sonra ilk dəfə rəsmi şəkildə qınayıb.

Hücumun ilk saatlarında ABŞ dövlət katibi Marko Rubio İsrailin İrana hücumlarında ABŞ-ın heç bir rolunun olmadığını deyib və Tehrana ABŞ-ın maraqlarını və şəxsi heyətini hədəf almamaq barədə xəbərdarlıq edib.

Bununla belə, ABŞ prezidenti Donald Tramp İrana sövdələşməyə getməsini, əks halda növbəti hücumların daha qəddar olacağını deyib.

Həmin gün axşam saatlarında İran da İsrailə cavab zərbələri endirib. “Doğru Söz” adlı əməliyyatlarda İsrailə yüzlərlə raket atıldığı açıqlanıb.

İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini yan keçə bilən bəzi raketlər Tel-Əviv və Yerusəlimi vurub və İsrail buna cavab olaraq hücumlarını artıracağını vəd edib.

 





19.06.2025    çap et  çap et