Vaxt.Az

İran-İsrail müharibəsi 2-ci cəbhədir?


 

Tramp: “Vladimir, sən mənə bir yaxşılıq et, ...”

İran-İsrail müharibəsi 2-ci cəbhədir? Trampı gəvəzəliyinə görə heç kim ciddiyə almır. Amma onu tam da qeyri-ciddi qəbul etmək olmaz. Əvvəllər də demişik ki, onun dediklərinə yox, etdiklərinə diqqət yetirilməlidir.

Trampın dünən yenidən səsləndirdiyi “2 həftə vaxt verirəm” bəyanatı düşündürücüdür. İran-İsrail müharibəsində hamı İrana danışıqlar üçün verilmiş 60 gündən danışdı. Xatırlamaq lazımdır ki, Tramp İranın vurulmasından düz iki həftə əvvəl Rusiyaya Ukraynada sülh üçün 2 həftə vaxt verdiyini bildirmişdi. İki həftənin tamamında Rusiyanın müttəfiqi İrana zərbələr endirildi.

İrana hücumun ilk günlərində Trampa İran məsələsinə görə zəng edən Putin Ukrayna ilə 22 iyundan sonra danışıqlara hazır olduğunu bildirdi.

Başqa bir detala da diqqət edək. İran-İsrail müharibəsində vasitəçilik təşəbbüsü ilə çıxış edən Rusiyanın sözün həqiqi mənasında yüngülsaqqal olmasıdır. Peskov dedi ki, İsrail vasitəçilik məsələsində Rusiyanı yaxın buraxmır. Tramp bir az da qabağa gedərək Putinlə bu mövzuda məzələndi. Putinin vasitəçilik təklifinə Tramp “Vladimir, sən mənə bir yaxşılıq et, get Ukrayna məsələsini həll et” deyə cavab vermişdi.

Yuxarıda deyilənlərdən çıxış edib iddia etmək olar ki, İran-İsrail müharibəsi təkcə bu iki ölkə arasındakı onilliklərlə davam edən qarşıdırmanın pik həddə çatması deyil, həm də Rusiyaya qarşı açılmış ikinci cəbhədir. Rusiyanın İran məsələsində vurnuxa-vurnuxa qalması, İranın öz müttəfiqini onu müdafiə etməməkdə ittiham etməsi də gəldiyimiz bu nəticəni möhkəmləndirən arqumentlərdir. Dünənə qədər İsraili zorakılıqda ittiham edən Britaniya, Fransa, Almaniyanın İrana hücumda ona birmənalı dəstək verməsi də irəli sürülən fərziyyənin doğruluq ehtimalını yüksəldir.

 





20.06.2025    çap et  çap et