Əslində mövcud vəziyyəti izah edən açıqlama çox faydalıdır və təqdirəlayiqdir.
Sadəcə, bunu öncədən etmək, yalnız nəzəri cəhətdən mövcud olan ən ucuz qiyməti deyil, bütün qiymətləri açıqlayıb, normal kommunikasiya qurulsaydı, bəlkə də bu tip açıqlamalara ehtiyac qalmazdı.
ADY açıqlamasında qiymətlərin yüksək olmasını “dinamik”, “komfort”, “VIP zal”, “dünya təcrübəsi”, “endirim” müddəaları ilə izah etməyə çalışıb.
Qurum yüksək qiymətlərə aydınlıq gətirən açıqlamasında Avropa, Rusiya, Belarus təcrübəsinə istinad edib.
Xatırladaq ki, həmin ölkələrin təcrübəsində qatara biletin qiymətini artırmaq üçün zorla yemək paketi təqdim etmək deyə absurd bir şey nəzərdə tutulmur.
Yerli vətəndaşlar üçün bunun zorla, seçim olmadan verilməsini yalnız qiymət artımına şərait yaratmaq kimi dəyərləndirmək olardı.
Turistlər üçün seçimsiz olaraq belə bir imkanı vermək bəlkə də ağlabatan olardı.
Eyni zamanda orta əmək haqlarının yüksək olduğu Avropa ilə müqayisənin mahiyyətini də anlamaq mümkün deyil.
Qatarla sərnişindaşıma gündəlik istifadə olunan ictimai nəqliyyat növüdür. Onu “komfort”, elit bir formaya salmaqla süni qiymət artımı yaratmaq doğru bir hal deyil.
Niyə qatarla sərnişindaşımaq kimi ictimai nəqliyyat vasitəsi bahalı turizm xidmətinə çevrilməlidir. Burada “30 gün əvvəl al ucuz olsun” demək ağlabatan bir məntiq deyil.
Xatırladaq ki, mövcud qiymətlər əvvəlkilərdən 2-3-4 dəfə yüksəkdir.
Əvvəllər Balakənə SV (biznes) 22.5 manat olub. İndi 88 manatdır. Əvvəllər kupe (Standart+) 13 manat olub, hazırda 33 manatdır, plaskart (Standart) 10 manat olub hazırda 20 manatdan bahadır.
ADY fərqində olmalıdır ki, 150 manata gündəlik sərnişindaşımaya qiymət müəyyənləşməsi, SV-nin 4 dəfə bahalaşdırılması, gündəlik ehtiyac üçün qatardan istifadə edən insan üçün 30-40-50 manata adi kupeyə bilet təklif etmək heç bir halda normal deyil.
Yeri gəlmişkən, Bakı-Balakən qatarının doluluq səviyyəsi heç 50 faizə çatmır. Bu, məhz qiymətlərin baha olması ilə birbaşa bağlıdır.
Əgər ADY-də doluluqla bağlı ayrı rəqəmlər varsa, buyursun ağlabatan formada açıqlasın.
5-6 il fəaliyyəti dayanan ölkədaxili qatarların fəaliyyətinin bərpa edilməsi istiqamətində ADY-nin səyləri nə qədər təqdirəlayiqdirsə, təklif olunan qiymətlər bir qədər məqbul deyil.
ADY-nin sosial funksiyasının bərpa edilməsi, məcburi xidmətlərin ləğv olunması, bilet qiymətlərinin də əlçatan edilməsi doğru olardı.
Düzdür, ADY əsas pulu yük daşımadan qazanır. Ondan qazandığı ilə insanları daşımağı qaydaya salmaq istəyir. Təbii ki, bu sahə də rentabelli deyil.
Amma bu o demək deyil ki, rentabelli etmək üçün mütləq qiymətlər yüksək olmalıdr.
Yəqin ki, daha ağlabatan yollarını bilməmiş də deyillər.
Ümid edirik, ADY, AZCON , hökumət dəmiryolu ilə sərnişindaşımada daha əlçatan qiymətlər üçün birgə səy göstərəcəklər.