Vaxt.Az

İranda rejim çökərsə, nə baş verər?


 

Masadakı ssenarilər

İranda rejim çökərsə, nə baş verər? İranda rejimin süqutu halında nə baş verə bilər? İngiltərə mətbuatı bu ehtimala dair müxtəlif ssenariləri dəyərləndirib. Bu ssenarilərə əsasən, rejim dəyişikliyi ya tam dağılmaya, ya idarə olunan bir keçidə, ya da etnik parçalanma ilə müşayiət olunan xaosa çevrilə bilər.

İsrail ilə İran arasında baş verən müharibə Tehranda rejim dəyişikliyi ssenarilərini yenidən gündəmə gətirib.

İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə bildirib ki, Xameneyinin ölümü müharibəni bitirər.

İsrailin müdafiə naziri Yisrael Katz isə Xamneyiyə “Sonun Səddam kimi olacaq” təhdidini yönəldib.

Vaşinqton rəhbərliyi isə bu hədəfə daha ehtiyatla yanaşır.

Əslində, Netanyahu əvvəllər əsas məqsədlərinin İranın nüvə potensialını məhv etmək olduğunu deyirdi. Ancaq son günlərdə Tel-Əviv İran rejimini dəyişmək istiqamətində mesajlar verməyə başlayıb.

İngiltərənin “The Guardian” qəzetindən Patrik Vintur “Daxili çökmə, dağıntı, yoxsa keçid? İranda rejim dəyişikliyi necə görünərdi?” başlıqlı məqaləsində bu ehtimalları araşdırıb.

Vinturun fikrincə, “Köklü bir avtoritar rejimin devrilməsi, uzun illər təzyiqlərə məruz qalmış və proqnozlaşdırılması çətin olan qüvvələrin azadlığa çıxmasına yol aça bilər.”

“The Guardian”  qəzetinin yazarı mümkün bir çökmə ssenarisinin zaman-zaman rejimlə qarşıdurma yaşayan etnik qruplar üçün fürsət yaradacağını, bəzilərinin isə İran torpaqları üzərində iddialarla çıxış edə biləcəyini qeyd edir.

Vintur mümkün bir hərbi çevriliş ssenarisini də gündəmə gətirib. İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kadrlarının əksəriyyəti məhv edilsə belə, rejimin siyasətindən narazı olan bəzi zabitlərin çevrilişə cəhd edə biləcəyini irəli sürüb.

Lakin o, belə bir hərbi strukturun daha azadlıqçı bir rejim quracağına zəmanət vermədiyini də vurğulayıb. Vintur kulislərdə fövqəladə vəziyyət hökuməti ilə bağlı gəzən şayiələrdən də bəhs edir.

Bu hökumətin tərkibində İranın sabiq prezidenti Həsən Ruhani, sabiq xarici işlər naziri Cavad Zərif və sabiq parlament sədri Əli Laricaninin yer ala biləcəyi qeyd olunur.

“The Guardian” yazarına görə, tammiqyaslı siyasi çöküş halında Evin həbsxanasındakı siyasi məhbuslar arasından ölkə rəhbərliyini ələ ala biləcək bir lider ortaya çıxa bilər.

Yazar həmçinin 2011-ci ildən ev dustaqlığında olan sabiq baş nazir Mir Hüseyn Musəvi və həyat yoldaşının azadlığa buraxılması ehtimalına da diqqət çəkir.

Məqalədə Kanadada keçirilən G7 sammitində Avropa ölkələri arasında İranda rejim dəyişikliyi məsələsinə fərqli yanaşmaların olduğu da vurğulanır.

Bu mövzuda Fransa prezidenti Emmanuel Makronun “Rejimi hər hansı bir plan olmadan dəyişdirmək strateji bir səhv olar” fikrinə xüsusi diqqət çəkilir.

Makron İraq nümunəsini misal gətirərək, İranda oxşar vəziyyətin xaosa səbəb olacağını bildirib. O, rejim dəyişikliyinin yalnız xalqın iradəsi ilə baş verməli olduğunu vurğulayıb.

Almaniyanın federal kansleri Fridrix Mers isə Makronun əksinə mövqe sərgiləyib. Mers “Molla rejimi hücumları ilə dünyaya ölüm və dağıntı gətirdi. İsrail bizim hamımız üçün çirkli işi görür”, – deyərək İsrailə dəstək verib.

Vinturun fikrincə, Qərbin İran rejiminin süqutundan sonra baş verə biləcək hadisələrə dair konkret bir hazırlığı yoxdur.

 





20.06.2025    çap et  çap et