Vaxt.Az

İran qapıları bağladı


 

Xarici işlər naziri Araqçının bəyanatı...

İran qapıları bağladı İranın xarici işlər naziri Abbas Araqçı İsveçrənin Cenevrə şəhərində Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ilə görüşündən əvvəl İran dövlət televiziyasına açıqlamalar verib. İsrailin İrana qarşı son hücumlarında ABŞ-ı əməkdaşlıq etməkdə günahlandıran Araqçı, ABŞ-ın bölgədə İsraillə birgə hərəkət etdiyinə dair kifayət qədər dəlil olduğunu bildirib. Araqçı, “ABŞ prezidenti Donald Trampın açıqlamalarında açıq şəkildə biz sözünü işlətməsi bu əməkdaşlığın ən bariz göstəricisidir”, – deyib.

***

ABŞ-ın İrana ünvanladığı mesajlarda dolayısı ilə “müzakirə” çağırışı etdiyini ifadə edən Araqçı, “Hücumlar davam etdiyi müddətcə heç bir tərəflə danışıqlar aparmayacağıq. ABŞ bu cinayətlərin ortağıdır və onlarla danışacaq heç bir şeyimiz yoxdur”, – deyib. Cenevrədə keçiriləcək görüşdə yalnız nüvə və regional məsələlərin müzakirə ediləcəyini bildirən Araqçı, “Heç bir ağıllı insan İranın müdafiə gücü olan raket qabiliyyəti ilə bağlı danışıqları qəbul edə bilməz. Bizim belə bir gündəmimiz yoxdur”, – dedi.

***

İranın İsrailə qarşı cavab hücumlarına toxunan Araqçı, “Silahlı qüvvələrimiz yalnız hərbi və iqtisadi hədəfləri vurub. Biz heç vaxt mülki yaşayış məntəqələrini, xəstəxanaları və mülki binaları hədəf almamışıq. Raket əməliyyatlarımızda beynəlxalq hüquq və etik qaydalara maksimum dərəcədə riayət olunub”, – deyib.

***

İsrailin hücumlarından sonra Xarici İşlər Nazirliyinin silahlı qüvvələrlə eyni vaxtda hərəkətə keçdiyini bildirən Araqçı, “30-a yaxın ölkənin xarici işlər nazirləri ilə əlaqə saxladıq. Cənab prezidentimiz (Məsud Pezeşkian) bəzi ölkə liderləri ilə görüşdü. BMT-nin baş katibi (Antonio Qutters) ilə görüşümdə ötən həftə Təhlükəsizlik Şurasının təcili toplantıya çağırılmasını tələb etdik”, – dedi.

***

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) önümüzdəki günlərdə keçirəcəyi Xarici İşlər Nazirləri Toplantısında İrana hücumun xüsusi gündəmlə müzakirə ediləcəyini bildirən Araqçı, “Qərbin əksəriyyət təşkil etdiyi beynəlxalq qurumlardan İsrailə qarşı hər hansı addım gözləmirik. Amma dünya ictimaiyyətinə həqiqəti göstərmək istəyirik”, – deyib.

 





20.06.2025    çap et  çap et