ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada İranın müdafiə sənayesi üçün həssas texnika təmin edən təşkilatların hədəf alındığı bildirilib.
Açıqlamada 1 nəfər və 8 şirkətin İranın müdafiə sənayesi üçün həssas texnikaların tədarükü və daşınmasını təmin etdikləri səbəbi ilə sanksiya siyahısına əlavə edildiyi qeyd edilib.
Açıqlamada, həmçinin Honq-Konqda yerləşən “Unico Shipping” şirkətinə aid gəmiyə qarşı sanksiyaların tətbiq edildiyi və sözügedən sanksiyaların İranın raket və digər silah potensialını inkişaf etdirməsinin qarşısını almaq, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun vəkil ünsürlərinin resurslara çıxışını kəsmək məqsədi daşıdığı bildirilib.
Bəyanatda fikirlərinə yer verilən ABŞ Maliyyə naziri Skott Bessent, "ABŞ İranın rejimin ballistik raket, pilotsuz uçuş aparatı və asimmetrik silah proqramlarının əsasını təşkil edən həssas, ikili məqsədli texnologiya, komponentlər və mexanizmlərin tədarükü ilə bağlı bütün səylərinin qarşısını almaqda qərarlıdır”, – deyib.
Bu planları dəstəkləyənlərin məsuliyyətə cəlb ediləcəyini vurğulayan Bessent, İranın regional sabitliyi və qlobal təhlükəsizliyi təhdid edən bu ölümcül silahları istehsal və yayma imkanlarını azaltmağa davam edəcəklərini qeyd edib.
***
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, o cümlədən ordunun ali komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb. Hücumlarda Baş Qərargah rəisi, SEPAH-ın Baş Komandanı və bir neçə yüksək səviyyəli komandir, həmçinin 9 nüvə alimi həlak olub.