İranın xarici işlər naziri Abbas Araqçı cümə günü dövlət televiziyası ilə çıxış edərək, “İsrailin təcavüzü dayandırılmayana qədər danışıqlara yer yoxdur”, – deyib.
“ABŞ vasitəçilər vasitəsilə danışıqlar tələb etdi, lakin biz onları rədd etdik”, – Araqçı əlavə edib.
Dünən gecə “Reuters” agentliyinə danışan üç diplomat iddia edib ki, ABŞ-ın Yaxın Şərq üzrə elçisi Stiv Vitkoff İsrailin keçən həftə İrana hücumlarına başladıqdan sonra Araqçı ilə bir neçə telefon danışığı aparıb. Bu mənbələrə görə, Araqçı Vitkoffa deyib ki, əgər İsrail hücumlarını davam etdirərsə, Tehran nüvə sazişi müzakirələrinə qayıtmayacaq, ancaq nüvə məsələsində “çeviklik” göstərə bilər.
Araqçı açıqlamasında, “Biz Vaşinqtona təcavüz davam etdiyi və qanuni müdafiədə olduğumuz müddətcə danışıqların mümkün olmadığını söylədik”, – deyib.
“Ölkəmizi təcavüzdən qorumaq üçün səylərimiz dayanmayacaq və Vaşinqtonla dialoq olmayacaq, çünki o da cinayətlərdə şərikdir. Bizim Vaşinqtonla heç bir əlaqəmiz olmayıb və indiki şəraitdə də heç bir əlaqəmiz olmayacaq”.
Digər tərəfdən Araqçı İngiltərə, Fransa və Almaniya xarici işlər nazirləri ilə Cenevrədə iki həftə davam edən görüşə bu gün başlayıb. Danışıqların keçiriləcəyi Cenevrə 2013-cü ildə İran və dünya qüdrətləri arasında nüvə fəaliyyətlərini məhdudlaşdırmaq üçün ilk razılaşmanın edildiyi şəhərdir.
Araqçı açıqlamasında bu danışıqlara toxunaraq, “Başqa ölkələrlə dialoq problemimiz yoxdur. Cenevrədə Avropa ölkələri ilə danışıqlarımız nüvə məsələsi və regional məsələlərlə məhdudlaşır. Biz heç bir tərəflə raket imkanlarımızla bağlı danışıqlar aparmayacağıq, hamı bilir ki, bunlar torpaqlarımızın müdafiəsi üçündür”, – Araqçı deyib.
İran-İsrail böhranı
İsrail iyunun 13-ü cümə günü səhər saatlarında İranın paytaxtı Tehranı hədəfə alıb. Partlayışlar bütün şəhərdə əks-səda verib. İsrail hücumda nüvə və hərbi obyektlərin vurulduğunu açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatın “Yüksələn Aslan” adlandırıldığını açıqlayıb. Hücumda 200-ə yaxın İsrail təyyarəsi iştirak edib və 100 hədəf vurulub.
Hücumlarda nüvə proqramı ilə əlaqəli yüksək səviyyəli komandirlər və elm adamları öldürüldü.
Hücum İranın nüvə proqramında sürətlə irəliləməsi səbəbindən gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edib. Hücumdan bir gün əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (Maqate) Rəhbərlər Şurası İranı 20 ildə ilk dəfə müfəttişlərlə əməkdaşlıq etmədiyinə görə rəsmi şəkildə qınayıb.
Hücumun ilk saatlarında ABŞ dövlət katibi Marko Rubio İsrailin İrana hücumlarında ABŞ-ın heç bir rolunun olmadığını bildirib və Tehrana ABŞ-ın maraqlarını və şəxsi heyətini hədəf almamaq barədə xəbərdarlıq edib.
Bununla belə, ABŞ prezidenti Donald Tramp deyib ki, İran razılığa gəlməlidir, əks halda növbəti hücumlar “daha qəddar” olacaq.