Vaxt.Az

Süni intellekt “müharibəsi”


 

İran-İsrail savaşının saxta videoları yayılıb

Süni intellekt “müharibəsi” İsrailin iyunun 13-də İrana qarşı hücumlarına başlamasından sonra sosial mediada kütləvi dezinformasiya dalğası başlayıb.

İsrail və İran arasında gərginlik artdıqca, sosial mediada süni intellektlə düzəldilən saxta videolar və köhnə görüntülər ilə saxta xəbərlərin kütləvi dalğası başlayıb. Ekspertlər deyirlər ki, hətta rəsmi mənbələr də bu şəbəkəni qidalandırır.

BBC “Verify”in təhlilinə görə, süni intellekt tərəfindən yaradılan videolar və hücumların saxta görüntüləri milyonlarla dəfə baxılıb. Ən çox baxılan üç saxta videoya ümumilikdə 100 milyon baxış olub.

Eyni zamanda, İsrailyönlü hesablar İranda köhnə etiraz görüntülərini yayaraq ölkədə hökumət əleyhinə üsyanların olduğunu göstərib.

***

Bu münaqişədə ilk dəfə olaraq süni intellektin bu qədər geniş şəkildə istifadə edildiyi bildirilib və bəzi saxta videoların video oyunlardan götürüldüyü və ya vizual xətaların olduğu müəyyən edilib.

Mütəxəssislər bildirirlər ki, bu tip məzmunun bəziləri Rusiya ilə əlaqəsi olan hesablar tərəfindən yayılır və silah sistemlərinə inamı sarsıtmaq məqsədi daşıyır.

***

Bəzi hesablar “super yayıcı” olub və qısa müddətdə milyonlarla izləyiciyə çatıb. Məsələn, “Daily Iran Military” adlı “X” hesabı bir həftə ərzində izləyicilərinin sayını 85 faiz artıraraq 1,4 milyona çatıb.

Ehtimal olunur ki, bu tip məzmunların bəziləri münaqişədən maddi qazanc əldə etmək məqsədi ilə hazırlanır, çünki bəzi platformalar yüksək baxış sayına görə pul ödəyir.

***

İsraildəki rəsmi mənbələr də bəzi saxta görüntüləri paylaşıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi “X” hesabı tərəfindən paylaşılan bir yazı, raket hücumlarının köhnə, aidiyyəti olmayan görüntülərindən istifadə edildiyinə görə xəbərdarlıq alıb.

***

Sosial media platformalarının öz Süni intellekt sistemləri də dezinformasiyaya töhfə verə bilər. “X”in “Grok” chatbotu dünyaca məşhur agentliklərə istinad edərək açıq-aşkar saxta videoların bəzilərinin real olduğunu iddia edib.

Mütəxəssislərin fikrincə, insanların öz siyasi baxışlarını dəstəkləyən məzmuna baxmağa meylli olması, emosional və sensasiyalı məzmunun daha tez paylaşılması belə məzmunların sürətlə yayılmasında böyük rol oynayır.

 





21.06.2025    çap et  çap et