Bu tarixdir, gizli bir şey deyil. Amma Abdulla Çatlının Avropada guya ASALA üzvlərini qırması şayiədir. Bəlkə birini, yaxud ikisini öldürüb. Amma təşkilatın fəaliyyətinə son qoyan o olmadı. Fələstin düşərgələrinin İsrail tərəfindən basılmasından sonra ASALA dağıldı. Ermənilərlə fələstinlilər bu gün də qardaşdır, bunu da bilməyən yoxdur.
Fələstinin bayrağı 1916-cı ildə Osmanlıya qarşı baş vermiş Böyük Ərəb Üsyanını simvolizə edir. Qüdsdə türk əsgərlərinin qırıldığı tarixi xatırladır. Bu uydurma deyil, bayrağın rəsmi izahı var. Özünüz də bilirsiniz, bu “pan-ərəb” rənglər başqa ərəb dövlətlərində də var.
Amma di gəl, Türkiyəlilərin əlindən bu bayraq düşmür. Türkiyəlilər yox, özünü Osmanlı torunu adlandıran kəsim. Osmanlı torunları, babalarının doğrandığı günləri simvolizə edən bayraqla gəzirlər.
İran bütün gücü ilə Türkiyəyə nifrət edir. SEPAH-ın propaqanda maşını gecə-gündüz Türkiyəni gözdən salmaqla, Ərdoğanı aşağılamaqla məşğuldur. Bunların Türkiyəyə yönələn propaqanda hücumlarının qarşısını kəsən Azərbaycan xalqıdır. Hər yerdə Türkiyəni qoruyuruq. Di gəl, indi bu Osmanlı torunlarının gözündə biz Sionist dostu satqınlarıq, İran isə zalıma qarşı döyüşən mücahid ordusudur.
Ərəblər 1917-ci ildə Hicaz dəmir yolunu kəsib, mülki və hərbçi demədən türkləri doğradılar. İngilis agenti Lourens də bu əməliyyatda şəxsən iştirak edib. Bu hadisə Ərəbistan tarixində “qəhrəmanlıq” kimi təqdim olunur, və hər il o gün turistlər və yerli camaat üçün səhnələşdirilərək qeyd olunur. Osmanlı zabitlərinin qatarda mühasirəyə alınıb qətlə yetirildiyi o günü bayram kimi göstərirlər.
Amma di gəl, özünü “Osmanlı torunu” sayanlar onlara hələ də ümmət gözü ilə baxır. Adları çəkiləndə sino gedirlər.