Uçuş izləmə məlumatlarına və hava nəqliyyatı idarəsi ilə səsli əlaqəyə əsasən, Missuri ştatındakı Uaytman Hərbi Hava Qüvvələri bazasından havaya qalxan 6 ədəd B-2 gizli bombardmançı təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələrinin Quamdakı bazasına doğru yola düşdüyü bildirilib.
“Fox News” telekanalı məsələ ilə bağlı bildirib ki, “Bombardmançılar Missuridən havaya qalxdıqdan sonra yanacaq doldurublar. Çünki daşıdıqları ağır yüklər səbəbiylə yanacaq çənləri yarımçıq halda havaya qalxıblar. Bu yüklərin bunkerləri məhv edən bomba ola biləcəyi düşünülür”.
***
Mütəxəssislərin rəylərinin yer aldığı xəbərdə “B-2”nin yalnız ABŞ-da olan 2 ədəd 15 tonluq bunker bombası daşıya biləcəyi və bombaların İranın ən güclü nüvə obyekti olan Fordonu hədəf alması üçün kritik ola biləcəyi iddia edilib.
“B-2”lərin növbəti dayanacağı Sakit Okeandakı Dieqo Qarsiya adası hesab edilir. Pentaqon bu məsələ ilə bağlı medianın suallarına hələ cavab verməyib.
***
ABŞ-ın daha əvvəl də Yəməndə İranın dəstəklədiyi husi hədəflərinə qarşı eyni adadan əməliyyatlar keçirdiyi məlumdur və eyni bazadan İranın nüvə obyektlərinin bombalanması üçün istifadə oluna biləcəyi gözlənilir.
İyunun 13-də səhər saatlarında İsrailin İrana qarşı hücuma keçməsi və İranın buna cavab verməsindən sonra Yaxın Şərqdə gərgin proses yaşanarkən, ölkə mediasında ABŞ-ın bu müharibədə iştirak edib-etməyəcəyi müzakirə olunur.