Göz önündə iyirminci əsrin dünya təhlükəsizlik arxitekturası dağılır. Ötən əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində ərsəyə gəlmiş bu düzən arxada qalır.
Bu baxımdan Azərbaycan üçün qarşıda duran çağırışlar mühümdür.
Ölkəmiz yeni dünya düzəninə doğru hansı kozırlarla gedir?
– Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Çağdaş dünya siyasətinin əsas problemi sayılan “boz zonaları”dan xilas olub.
– Dünya enerji və logistik savaşında yerini müəyyən edib, qlobal marşrutlar üçün qovşaq xətlərini təklif edib.
– Strateji müttəfiqlərini seçib.
– Sabit cəmiyyət formalaşdırıb.
Ermənistanla sülh sazişinin imzalanması ilə Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olacaq.
Yeni dünya düzəni 2030-cu ilə qədər iri dövlətlərin qarşılıqlı öhdəliklərini müəyyən edəcək, iqtisadi maraqlarını tarazlaşdıracaq. Kollektiv qərar verəcək beynəlxalq institutları formalaşdıracaq.
Bu dövr ərzində dövlətlərdə əsas təsir faktoru kimi orta təbəqə, informasiya texnologiyalarına çatımlılıq, sosial cəhətdən təmin olunmuş cəmiyyət, “yaşıl enerji” siyasəti çıxış edəcək.
Rusiya prezidenti Putin dünən Peterburq İqtisadi Forumunda maraqlı bir deyimi oldu. Dedi ki, “günəş üfüqdən necə doğursa, yeni dünya düzəni də elə doğulur. Bunun qarşısını almaq mümkün deyil”.
Buna yalnız hazır olmaq lazımdır!