Vaxt.Az

Sumqayıtda parka giriş pullu oldu


 

Şəhər icra hakimiyyətinin rəsmisi aydınlıq gətirdi

Sumqayıtda parka giriş pullu oldu Sumqayıt şəhərinin dənizkənarı bulvarı olan Nəsimi parkına giriş artıq pulludur. Bu barədə «168 saat» internet qəzetinə oxuculardan biri məlumat verib. «Parkın bir hissəsinə giriş ödənişli edilib. Sumqayıtlıların «Sevgililər Körpüsü» kimi tanıdığı körpüdən dənizə doğru düşərkən sola ayrılan yolda şlaqbaum qoyulub. Söhbət Rəsm Qalereyasına tərəf gedən avtomobil yolundan gedir» - oxucunun məktubunda qeyd olunub.

ANSPRESS xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün saytın əməkdaşı əraziyə yollanıb. Şlaqbaum «işlədən» şəxs deyib ki, əraziyə giriş, həqiqətən də pulludur - giriş üçün 1 manat ödəmək lazımdır.

İşçi bildirib ki, o, bu pulun hara, hansı qurum üçün və nə məqsədlə yığıldığını bilmir: «Bunun üçün Mirseyid müəllimlə əlaqə saxlayın. Parklara o baxır».

Mirseyid müəllim isə bildirib ki, münasib yerdə olmadığı üçün danışa bilmir, 20-25 dəqiqəyə özü əlaqə saxlayacaq.

Amma o, dediyi vaxtda da saytla əlaqə saxlamayıb.

Məsələyə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Abid Əliyev aydınlıq gətirib. Bildirib ki, həmin ərazidə dayanacaq yaradılıb: «Orada rəsmi olaraq dayanacaq yaradılıb. Kiminsə qanunsuz ödəniş tələb etməsindən söhbət gedə bilməz. Bu, dənizkənarı parkın abadlaşdırılması layihəsində əvvəlcədən nəzərdə tutulmuş avtodayanacaqdır. Axı parkda başdan-ayağa maşınla gəzmək olmaz. Gələcəkdə, dənizkənarı ərazi abadlaşdırıldıqdan sonra daha bir dayanacağın qurulması nəzərdə tutulur. Bu, həm də əhalinin parkda rahat istirahəti və avtoxuliqanlığın qarşısını almaq üçün nəzərdə tutulur. Yığılan vəsait isə abadlaşdırılmış əraziyə xidmət və işçilərin əməkhaqqına yönəldiləcək».

 





21.05.2014    çap et  çap et