Vaxt.Az

Sabah bu şans olmayacaq


 

Təklif olunan şərtlər hər gün sərtləşir

Sabah bu şans olmayacaq İran rəhbərliyinin inadkarlığı, son nəfəsinədək, son nəfərinədək, son gülləsinədək dirənmək, razılaşmamaq davranışı nədən doğur?

Bu sadəcə ağılsız, düşüncəsiz, dəlisov bir reaksiyadırmı, yoxsa arxasında hansısa dərin fəlsəfi-psixoloji bir təməl durur. Məsələn, İmam Hüseyn şəhidliyi, inadkarlığı, fədakarlığı kimi.

İmam Hüseyn təslim olmadı, öz ailəsini, yaxınlarını qurban verdi.

Amma bu əfsanələşmiş faciənin içində bir an da var. İranı idarə edənlər onu unudublar. Ya da unudulmasında maraqlıdırlar.

Hekayəyə görə İmam Hüseyn ona etibar edib yanında gələnlərə düşərgəni tərk etməyin açıq olduğunu demişdi. Kim istəyir bu davadan çıxıb gedə bilər. O xalqı yox, özünü, yaxınlarını qurban vermişdi.

İran rəhbərləri (burada qərar verənlər Xameneyi, ətrafında bir neçə şəxs, SEPAH) isə əksinə, İran xalqından özlərinə qoruyucu divar düzəldiblər.

Heç nə ilə razılaşmırlar. Təklif olunan şərtlər hər gün sərtləşir. İran vurulduqca kapitulyasiya şərtləri ağırlaşır. İran əzildikcə rəqiblərin iştahası artır.

Burada qurban gedən tək Xameneyi və qulbeçələri deyil. SEPAH, Bəsic generalları deyil. Bütün İran xalqıdır.

İsraili, ABŞ-ı Tehranacan dartıb gətirən rejim və başbilənləri Bağdadı öz düşmənlərinə, xarici güclərə bombalatdıran, dağıtdıran Səddam Hüseyndən bir qram ağıllı deyillər.

O da eynilə başına bomba yağanda “ABŞ-ı məhv edəcəm, İsraili siləcəm” deyirdi. Hərdən İsrailə Skad raketi atdırıb bunkerində atılıb düşürdü. “Sanki, gəl məni vur!”, deyirdi.

İranın aylardır İsrailə atdığı raketlər nə nəticələr verib?

İsraili dağıdıb?

İsraili qorxuzub?

Qəzzanın qisasını alıb?

Tehranın əvəzini çıxıb?

Əksinə, İsrailin hücumlarına bəraət qazandırıb.

İsrailə dəstək verənlərə əlavə bəhanələr verib. Beyyamin Netanyahunun zəif koalisiyasının hakimiyyətdə qalmasına kömək edib.

Əzilmiş, başıqapazlı İran rejimi indi İran əhalisinin yox, məhz İsrailin işinə yarayır.

İranın kapitulyasiya aktına qol çəkməkdən qaçması da İranın yox, İsrailin işinə yarayır.

İstədiyi vaxt gəlib Tehran üzərində fırlanıb gedəcək. İran liderini bunkerdən çıxmasına, günəşə baxmasına limit qoyacaq.

Bu inadkarlıq deyil. Bu fədakarlıq deyil. Bu şəhidlik və mübarizlik deyil.

Bu ölkəsini dağıntılara, aclığa, ölümlərə, xaosa sürükləmək yoludur.

İranın xilası bu gün dini dövlətdən tam ayırmaq və siyasi meydandan çıxarmaqdan, keçid qurtuluş hökuməti qurmaqdan keçir. Böyük etnik qrupların da təmsilçiliyini tam nəzərə alan keçid hökuməti qurmaq və köklü islahatlara başlamaq.

Sabah bu şans da olmayacaq.

Xameneyi və ətrafındakılar, SEPAH, sanksiya rejimindən böyük paralar qazanan varlı qruplar buna imkan versələr, şübhəsiz.

 





22.06.2025    çap et  çap et