Vaxt.Az

37 şagird yaralanıb


 

Berlində ibtidai məktəbdə bibər qazı çaxnaşmaya səbəb oldu

37 şagird yaralanıb İyunun 20-də səhər Berlin-Moabitdəki Miriam-Makeba İbtidai məktəbində böyük çaxnaşma baş verib. Məktəb binasına naməlum şəxs tərəfindən bibər qazı səpilib. Onlarla valideyn səbirsizliklə hadisə yerində gözləyərkən, yanğınsöndürənlər və sağlamlıq qrupları 37 şagirdə tibbi yardım göstərib.

Yanğınsöndürmə idarəsinin rəsmisinin verdiyi məlumata görə, “çoxlu yaralanma” xəbəri alındıqdan sonra qruplar saat 09:04-də Zinzendorfstrassedəki məktəbə yönləndirilib. Hadisədən sonra əraziyə 42 yanğınsöndürən və çoxlu sayda təcili yardım maşınları göndərilib. Polis qrupları da məktəbə gələrək araşdırma aparıb.

Məktəbin dəhlizinə bibər qaz sıxılıb. Bir çox ibtidai sinif şagirdi nəfəs darlığı və gözlərin yanması şikayətləri ilə tibb işçilərinə müraciət edib. Polis ən azı on uşağın gözlərində və tənəffüs yollarında qıcıqlanma hiss etdiyini bildirdi. İlkin açıqlamalarda 34 şagirdin müalicə olunduğu bildirilsə də, sonradan bu rəqəm 37-yə yüksəlib. Bir uşaq müalicə olunmaq üçün xəstəxanaya aparılıb.

Məktəb rəhbərliyi binanı tamamilə boşaldıb və şagirdlərin təhlükəsizliyi ilə bağlı valideynlərə məlumat verib. Çoxlu valideynlər narahatçılıqla məktəbin qarşısına toplaşıblar. Hadisədən sonra binanın tamamilə havalandırıldığı, şagird və müəllimlər üçün artıq təhlükənin olmadığı bildirilib.

Hadisələrdən sonra məktəb rəhbərliyi cümə günü dərslərin ləğv edildiyini və bütün şagirdlərin evlərinə göndərildiyini açıqlayıb. Bibər qazından kimin istifadə etdiyi hələ müəyyən edilməyib. Polisin “xəsarətə səbəb olmaq” maddəsi ilə başlatdığı istintaq davam edir.

 





21.06.2025    çap et  çap et