İranın Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi dövlət mediasına verdiyi açıqlamada ABŞ-ın İran ərazisinə hücum edərək müharibənin qapısını açdığını bildirib.
Musəvi, “Cinayətkar Amerika İslam döyüşçüləri üçün Amerikanın maraqlarına və ordusuna qarşı hər cür hərəkətə qapı açıb. Biz bu yoldan heç vaxt geri çəkilməyəcəyik”, – deyib.
Musəvi ABŞ-ın İranın suverenliyini birbaşa pozduğunu və onun müqəddəs torpaqlarına hücum edərək müharibəyə girdiyini vurğulayıb.
İran Silahlı Qüvvələri Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfüqari də dövlət mediasında yayımlanan videoda ABŞ-ı hədəfə alıb.
***
Zülfüqari İranın qisas almaq hüququnu özündə saxladığını bildirib: “Güclü və məqsədyönlü əməliyyatlarımız ağır, təəssüf doğuran və gözlənilməz nəticələrə səbəb olacaq”.
Zülfüqari ABŞ-ın hücumunu “faydasız” adlandıraraq, “Bu hücum nəinki uğursuzluqla nəticələndi, həm də İran Silahlı Qüvvələrinin qanuni hədəflərinin dairəsini artırdı və regional müharibənin genişlənməsinə yol açdı”, – deyib.
Zülfüqari çıxışının sonunda ingilis dilinə keçərək birbaşa Trampa müraciət edib: “Qumarbaz Tramp, siz bu müharibəyə başlaya bilərsiniz, amma biz onu bitirəcəyik”.