Bu bir kompromis qərardır. Yəqin ki İran xalqına zərər vurmamaq vəzifəsi prioritet olub. Bu ABŞ strategiyasının humanizmindən irəli gəlmir. Planlarının daha uzunmüddətli olduğu üçündür. Gələcəkdə İranı özünə loyal edərək, ərəb dünyasına və türk dünyasına təhdidlər üçün istifadə etmək üçün ola bilər. Çünki orta Şərqin jandarmı vəzifəsinə “böyük Kürdüstan” yaramır. Şimali İraqdakı neft sahələri onları dolandıra bilməz. Həm də Kərkük uğrunda onlar türklər və ərəblərlə amansız müharibəyə girməlidirlər.
Kimin qalib gələcəyi əvvəldən məlum deyil. Deməli o dövlət yaranacaqsa, dənizə çıxış almaq üçün ya Türkiyənin, ya Suriyanın, ya da İraqın yaxın müttəfiqi olmalıdır. Onlar öz ərazilərinin kəsilib ona verilməsinə heç razı olacaqlarmı? Hətta razı olsalar belə, bu onun sponsorlarına sərf edəcəkmi, yoxsa yox? Kimə lazımdır ki, “Kürdüstan” adlı bir dövlət yaranarsa belə, münasibətləri Azərbaycan və Gürcüstan kimi olsun? Heç kimə!
Yox əgər qonşuları ilə müttəfiqlik edə bilməyəcəksə, təxminən Əfqanıstan, Monqolustan, Çad, Zimbabve, Nepal, Boliviya tipli bir dövlət olacaq ki, o qədər əhalini kimsə yedirib-içirib, minimal həyat tərzini saxlamalı və özü silah alıb silahlandırmalıdır. Müqayisə üçün götürək Azərbaycanın dövlət büdcəsini ölçü nöqtəsi kimi götürək. Təxminən 30 milyard dollar. Əgər hipotetik “Kürdüstan”ın əhalisi 15 milyon olarsa, qonşuları ilə konfrontasiya strategiyası olsa, ona təxminən ildə 60-70 milyard dollarlıq bir büdcə lazımdır ki, əhalisinin rifahı heç olmasa bizim səviyyəmizə yaxınlaşsın. Bu vəsaitin 90 faizini sponsorlar verməlidir, effektiv dövlət olarlarsa belə. Dünyada heç kimin bu öhdəçiliyi yoxdur. Amma İran bu rol üçün çox gözəl namizəddir. Ona heç maya qoymaq lazım deyil. Tükənməyən faydalı qazıntıları, ambisiyalı əhalisi, okeana çıxışı və sairə. Regionun jandarması olmaq üçün əla start şərtləri var. Qalır bir əhalini ABŞ-a loyal etmək. Ehtiyatla davranış buradan irəli gəlir. Əlbəttə, bilirlər ki, “kiş-kişlə” İran rəhbərliyindən bir şey əldə edə bilməyəcəklər. Çünki onların bicliyi ABŞ-dakı zaddarın bicliyindən heç də zəif deyil. Özləri şəriksiz, naçalniksiz jandarm olmaq istəyirlər. Amma bizim üçün – slavyan atalar sözündə olduğu kimi – “salğam turpdan şirin deyil”. Kim bizim üçün jandarm olmağa çalışırsa, onun yolunu cəhənnəmə daha kəsə etməyi çalışmalıyıq.
P.S.: Qaldı nüvə materiallarının harada gizlədilməsinə, yəqin ki, ekspert analitiklər bu materiallardan az bir sayda nüvə başlığı hazırlamaq ehtimalı edirlər. Onları tapmaq, izləmək asandır. SSRİ-nin nüvə triadasının yerüstü komponenti tam nəzarətdə idi. Sualtı qayıqların, bombardmançıların nəzarətdən qaçmaq ehtimalı çox idi. Orada yüzlərlə raket, hərəsində onlarla başlıq vardı. Burada isə 5-6 başlığı birtəhər nəzarətə götürmək olar. Onları qorxudan, sayının artmamasıdır. Nüvə materiallarını zənginləşdirən sentrifuqa avadanlıqları bahalı və yüksək texnoloji avadanlıqlardır. Sayların on minlərlə olur. İşlətdikləri elektrik enerjisinin miqdarı bir qurğu üçün 50 kVt dan 3700 kVta qədərdir. Deməli belə müəssisə Sumqayıt və Gəncə kimi şəhərin sərf etdiyi enerji qədər enerji sərf edir. Başqa bir yerdə tikilsə belə, adi bir elektrik mühəndisinin məlumatı ilə, yaşayış məskəni olmayan bir yerə gələn nəhəng güclü xətlər vasitəsi ilə asanlıqla müəyyən etmək olar ki, burada çox şübhəli obyekt var. Qalanı isə texnikanın işidir.