***
“The New York Times”ın təcrübəli İran müxbiri Farnaz Fassihi yazıb ki, Ayətullah Əli Xameneyi hazırda bütün elektron əlaqə kəsilmiş bunkerdədir. Fassihinin “X”də paylaşdığı məlumata görə, Xameneyiyə çatmaq çox çətindir və İranın ABŞ hücumlarına qəti cavabı Xameneyi danışana qədər bəlli olmayacaq.
Xameneyinin öldürülməsi məsələsi ilə bağlı ABŞ və İsrail arasında fikir ayrılıqlarının olduğu iddia edilir. Bununla belə, Xameneyinin mümkün liderlik boşluğundan qaçmaq üçün üç potensial varis müəyyənləşdirdiyi də iddia edilir.
***
İsrailin “nüvə proqramına cavabdeh olan rəsmi” kimi təsvir etdiyi Xameneyinin baş müşaviri Əli Şamhani hədəf siyahısında birinci yerdədir. İsrailin ilk hücumlarında ağır yaralanan Şamhaninin bir ayağının amputasiya edildiyi və kritik müddətdən sonra səhhətinin stabilləşdiyi bildirilir.
Şamhaninin hücumdan dərhal əvvəl “X”də çoxdilli paylaşımı da diqqət çəkib. Mesajında "Yüz dəfə yaralansam belə, İran üçün özümü fəda edərəm. Ümidlə müqavimət göstərən bir xalqı məğlub etməyə çalışanlar sonunda külə dönəcəklər”, – deyib.
***
İranda hərbi komandanlıq əsaslı şəkildə yenidən qurulub. Bu adların da İsrailin radarında olduğu iddia edilir:
Əbdülrəhim Musəvi: Keçmiş ordu komandiri İranın Baş Qərargah rəisi vəzifəsinə namizəd göstərilib. ABŞ və İsrail əleyhinə çıxışları ilə tanınan Musəvi “İran xalqı heç vaxt təcavüzə boyun əyməyib” deyərək yeni dövrün mesajını verdi.
Məhəmməd Pakpur: SEPAH Quru Qoşunlarının keçmiş komandanı, o, yeni dövrdə general Hüseyn Salaminin yerinə təyin edilib. 2019-cu ildə ABŞ sanksiyalarına məruz qalan Pakpur şimal-qərbdəki üsyanları yatırtması ilə tanınır.
Məhəmməd Kərimi: İranın şərqində Bəluc nümayişlərini sərt şəkildə yatırtması ilə gündəmə gələn Kərimi Quru Qoşunlarının komandanı təyin edilib. O, sərt idarəetmə tərzi ilə diqqət çəkir.
Əmir Hatəmi: Xameneyinin hərbi müşaviri vəzifəsində çalışmış və Bəsic strukturunda böyümüş Hatəmi yeni dövrdə İran ordusuna komandanlıq etmək üçün təyin edilib. O, bundan əvvəl müdafiə naziri vəzifəsində çalışıb.
***
İran administrasiyası hələlik ABŞ-ın hücumuna rəsmi və hərtərəfli cavab verməyib. Ancaq ölkədə yeni hərbi struktur və ictimaiyyətə verilən sərt mesajlar yaxın günlərdə daha böyük reaksiyanın veriləcəyindən xəbər verir.