Obama səfər zamanı Baqramdakı ABŞ hərbi-hava bazasına baş çəkib. Obamanın Əfqanıstan səfəri cəmi bir neçə saat davam edib. O, paytaxt Kabilə getməyib və prezidentlik müddəti tezliklə başa çatacaq dövlət başçısı Həmid Kərzai ilə görüşməyib.
ABŞ prezidenti yalnız Əfqanıstanda yerləşmiş Amerika hərbçiləri ilə görüşüb, hospitala gedərək yaralı hərbçilərə baş çəkib və amerikalı generalların antiterror əməliyyatları ilə bağlı hesabatlarını dinləyib.
Səfərlə bağlı gözlənilməz səhvə isə Ağ Ev yol verib. Belə ki, Obamanın səfəri zamanı keçirilmiş brifinqə qatılanlarla bağlı mətbuata məlumat göndərən Ağ Ev yanlışlıqla siyahıya ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Əfqanıstan üzrə büro rəisinin də adını salıb. Bu isə məxfi xidmət orqanı rəhbərinin faktiki olaraq ifşa olunması anlamına gəlir.
ABŞ-da şok effekti yaradan bu yanlışlıq mətbuata ötürüləndən sonra aradan qaldırılsa da bu məsələ sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında qızğın müzakirələrə səbəb olub.
Yanlışlıq üzündən ifşa olunan MKİ rəisinin Əfqanıstandakı vəzifəsindən geri çağırılacağı gözlənilir. Lakin bununla bağlı hələ ki, rəsmi açıqlama verilməyib.