Tel-Əviv isə öz ssenarisini çoxdan oynayıb qurtarıb. İndi İsrail yalnız fon səslərindən ibarətdir: evakuasiya elanları, səssiz mətbuat konfransları və susmağa məcbur edilmiş nazirlər. Deyəsən, Netanyahunun teatrında söz az, səhnə çoxdur.
İran isə cavabını daha əvvəl vermişdi. Səmanın qoynunda yanaraq yerə çırpılmış PUA-lar, yarımçıq raketlər və yararsız diplomatiya. Bununla bərabər, Tehranda da bəziləri artıq dərk edir ki, atəşkəs razılaşması haqqında danışmaq üçün daha çox şey dağıdılıb, nəinki qurulub.
Amma bir məsələ də var: bütün tərəflər elə davranır ki, guya ortada hələ bir şey qalıb. Tamaşa bitib, pərdə enməlidir, ancaq aktyorlar səhnədən çıxmır – gözləyirlər. Nəyi? Kimi? Bəlkə də səhnəyə bir Tanrı endi, mübariz tərəflərin hər birinə əl uzadıb desin: “Artıq kifayətdir, cənablar!”
Təəssüf ki, belə olmur. Səhnənin arxasından gah İsrailin sirenləri eşidilir, gah İran mediası xəbər verir ki, “daha bir dron vurulub”. Diplomatik oxlar boşaldıqca informasiyalar bir-birini təkzib edir: atəşkəs var, atəşkəs yoxdur, razılaşma əldə olunub, razılaşma danılır...
Əslində, müharibə bu gün sükutla daha dəhşətli görünür. Sözlərin yerini boşluq alır, bəyanatların yerini susqunluq. Hər şey öz yerində qalır – dağıntılar, qırıntılar, yanğın izi və... səbirsiz zal.
Bu zalda isə çoxdan bir sual səslənir – yavaşca, təmkinlə, amma kəskin: Bəlkə, yetər artıq?