Vaxt.Az

“Ookla Azərbaycandan nə istəyir?”


 

Konsaltinq xidməti, yoxsa data ...

“Ookla Azərbaycandan nə istəyir?” Dünyanın tanınmış internet sürətləri ölçən platforması “Ookla”nın rəhbəri Azərbaycanda səfərdədir. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri (RİNN) Rəşad Nəbiyevlə və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) rəhbəri Nail Mərdanovla görüşüblər.

Əməkdaşlıqlar müzakirə olunub, son 4 ildə internetə çıxışın 4 dəfə artdığı vurğulanıb.

Bəs “Ookla” ölkəmizdən nə istəyir?

Açıqlanan məlumatlardan belə qənaətə gəlmək olur ki, şirkət İKTA ilə telekommunikasiya, mobil rabitə və internet sektorunun  monitorinqi, xidmət keyfiyyəti  və spektr analizləri üzrə əməkdaşlıq təklif edir.

Görünən odur ki, şirkət sadəcə sürət testləri aparan texnoloji platforma olmaqla kifayətlənmək istəmir – eyni zamanda konsaltinq xidmətləri də təklif edir.

Bu, bəlkə də pis deyil. Amma burada bəzi suallar yaranır:

– Ödənişli əməkdaşlıq maraq toqquşması yaradacaqmı, onun reytinqlərinə təsir edəcəkmi?

– Reytinqdə bir neçə pillə yuxarıda olmaq real istifadəçi təcrübəsini dəyişirmi?

Əlbəttə, obyektiv texniki göstəricilərlə hazırlanmış hesabatlar, qiymətləndirmələr önəmlidir.

Amma reytinqlərdən çox, real nəticələr – internetin qiyməti, əhatə dairəsi, istifadəçi məmnuniyyəti, rəqabətli mühit – daha vacibdir.

Bir müddət öncə RİNN ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq problemini həll etdiyini açıqlayıb. Artıq hər bir vətəndaşın harada olmasından asılı olmayaraq yüksək sürətli internetə əlçatanlığı var.

Son 10-15 ildə həllini gözləyən bir məsələ artıq bitib.

Düşünürəm ki belə bir zamanda, belə bir nəhəng infrastruktur yenilənməsindən sonra adi bir reytinq dalınca düşmək də prioritet olmamalıdır.

Rəqabətli mühitin formalaşmasına fokuslanmaq, 5G və digər yeni texnologiyalarla internetə əlçatanlıq yaratmaq, Kommunikasiyalarla bağlı qanunvericiliyi təkmilləşdirmək daha doğru olardı. 

Azərbaycan üçün indiki məqamda  vacib olan “Speedtest”dəki yer deyil, tələbata uyğun müxtəlif qiymət və sürət seçimləridir.

Bütün vətəndaşlar üçün seçim vermədən,  minimal 25 manat qiymət müəyyən edilməsi  Azərbaycan internetində həllini gözləyən əsas məsələlərindən biridir.

 





24.06.2025    çap et  çap et