Onun sözlərinə görə, digərləri ilə yanaşı, bu sənəd nazirliyə ABŞ-da gəlir əldə edən və vergidən yayınan azərbaycanlı rezidentlərlə fəal mübarizə aparmağa, yəni əvvəllər ABŞ-ın Daxili Gəlirlər İdarəsi ilə əldə olunan IRS sazişini təcrübədə reallaşdırmağa imkan verəcək.
S.Ələkbərov bildirib ki, Azərbaycan hökuməti tərəfindən vergilər nazirinin müavini Natiq Əmirovun başçılığı ilə bu məsələ ilə bağlı xüsusi komissiya yaradılıb: «ABŞ tərəfinin qaldırdığı məsələyə hökumətin adekvat reaksiyası qısa müddət ərzində bütün lazımi razılaşmalara nail olmağa imkan verir. Avropanın bir çox ölkələrində, o cümlədən ABŞ-da vergi məsələlərinə çox ciddi yanaşırlar. Bu ölkələrdə vergitutmadan və vergidən yayınma ağır cinayət sayılır. ABŞ öz vətəndaşları üçün vergidən yayınma, yaxud güzəştə getmək kimi halların qarşısını bütün vasitələrlə almağa çalışır. Bu baxımdan da bu ölkədə çox ciddi tədbirlərin həyata keçirilməsi planlaşdırılır».
Nazir müavini deyib ki, bu gün rəsmi Vaşinqton bütün ölkələrdən, rezidentləri və başqa ölkələrdə gəlir əldə edən vətəndaşları ilə bağlı bütün məlumatların dərhal ötürülməsini tələb edir: «Ağ Ev bu kimi addımlarla həmin vətəndaşların yaşadıqları ölkələrdə vergidən yayınmaq cəhdlərinin qarşısını almağa çalışır. Bu, kifayət qədər ağır bir məsələ olduğundan, Azərbaycan hökuməti buna ciddi yanaşır».
S.Ələkbərov qeyd edib ki, hətta hökumət rəhbərliyinin tapşırığı ilə bununla bağlı xüsusi komissiya yaradılıb: «Bu komissiya rəsmi Vaşinqtonla bu mələsə ilə bağlı razılıq əldə edib. Bu razılaşmaya görə, Azərbaycan tərəfdən bununla bağlı heç bir məhdudiyyət olmayacaq və tələb olunan bütün materiallar vaxtında onlara veriləcək».
Nazir müavini deyib ki, bu yaxınlaradək ölkə qanunvericiliyi belə məlumatların verilməsini qadağan edirdi: «Lakin ötən il yanvarın 1-dən Vergi Məcəlləsi və digər qanunvericilik aktlarına bu qadağanı aradan qaldıran düzəlişlər edilib. Azərbaycana məlumatların ötürülməsinə gəldikdə, bunun üçün hazırda bizim ABŞ-la malik olmadığımız ikiqat vergitutmadan yayınmaq haqqında saziş imzalanmalıdır».
O əlavə edib ki, Strasburq Konvensiyasına düzəlişləri imzalamaqla Azərbaycan bütün ölkələrlə belə sazişlərin imzalanması imkanı əldə edib.