«Həkimlər elə bildilər ki, kənddən gəlmişəm, rusca başa düşmürəm»
«Ötən ilin noyabrında Bakıya gəldik. Yoldaşımın vəziyyəti pisləşmişdi. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müayinəni etdirdik. Rentgenoloq Qılman həkim dedi ki, yoldaşım gəncdir, əməliyyat olmasa vəziyyəti pisləşəcək. Daha sonra həkimimiz Əliyev Kamal yoldaşımın son durumu ilə bağlı başqa bir həkimlə məsləhətləşirdi. Onlar rus dilində danışırdılar. Mən sərbəst ruscada danışa bilməsəm də anlayıram. Onların nə danışdığını yaxşı başa düşdüm. Yoldaşımın əməliyyatının mütləq edilməsi qərarına gəlsələr də, amma pulumuzun olmadığını deyirdilər. Nəticədə mənə Məhəmmədin əməliyyat üçün çox zəif olduğunu bildirdilər. Bu bəhanə idi. Kamal həkim dedi ki, dərmanlarla orqanizmi qüvvətlənsin, sonra əməliyyat edərik. Biz də kəndə qayıtdıq. İndi də vəziyyəti yaxşı deyil . İki azyaşlı uşaqla, ağır, yoluxucu xəstəliyi olan yoldaşımla bir otaqda qalırıq. Yoldaşım hələ gəncdir, tək istəyim onun özünə gəlməsidir. Heç olmazsa tam sağalmasa da, lazım olan əməliyyatının edilməsidir.»
Bu arada qeyd edim ki, bir neçə dəfə etdiyim cəhdə baxmayaraq, Kamal həkimlə danışmaq imkanı olmadı. Qarşı tərəfin cavabı nə olursa, olsun, son vaxtlar adı çəkilən tibb ocağından xəstə şikayətlərinin sayı çoxalıb.
«Dərmanlardan qulaqları tutulub, eşitmir»
« İki ildir ki, həyat yoldaşım dərmanla yaşayır. Amma səhhətində heç bir irəliləyiş yoxdur. Vaxtaşırı dispanserdə müalicə alır, müayinələrini etdiririk. Amma bu son ildə qulaqlarında karlaşma gedir. Artıq eşitmir.
Yəqin güclü dərmanlardandır. Bizə dərmanları gətirən həkim də bunun dərmanların qəbulu nəticəsində baş verdiyini deyir. Hətta yoldaşımın dərman qəbul etməməsini məsləhət görür. Dərdimizi kimə deyək bilmirik.»
«Yoldaşıma düşən müavinətə də göz dikiblər»
«Bu vaxta qədər sosial müdafiəmizin təminatı sayəsində də çox çətinliklərlə üzləşmişik. İki il əvvəl Əhalinin Sosial Müdafiə Nazirliyinin Quba rayon şöbəsində pensiya ilə əlaqədar sənədlərimizi verdik. Bizə veriləcək pulun cüzi bir hissəsini ala bildik. İdarədə Firəngiz adlı xanım altı ayın pulunu götürdü, sonradan pulumuzu ala bildik. İnanın bu vaxta qədər də bizə verilməli olan pensiyanın məbləğini dəqiq bilmirik. Daha sonra həmin Firəngiz adlı işçini çıxardılar, əvəzinə bir gənci qoydular. O da, yenə «hörmət» üçün təzə pensiya kartımızı verməyi ləngitdi. İndi bu yaxında yeni pensiya kartımızı vermək üçün get-gələ salıblar. Yenə pul istəyirlər ki, sənədlərimizi qəbul etsinlər. Quba rayon İcra Hakimiyyətinə şikayətə də getmişəm. İndi də bunu bəhanə edib, mənimlə danışmaq istəmirlər. Xəstə, köməksiz insanın pulunu necə «yemək» olar axı. İstəyirəm aidiyyəti orqanlara müraciət edim, mənim iki övladıma yazıqları gəlsin. Onun-bunun yardımını, köməyini qəbul etməkdən utanıram. Sağ olsunlar, yaxınlarım əllərindən gələn köməyi edirlər, amma nə vaxta qədər? Əmək qabiliyyəti olmayan yoldaşımın sağlamlığını bərpa etmək üçün yardım etsinlər. Bir də ona düşən pensiyanı normal şəkildə ala bilək.»