Yaxın Şərqdə getdikcə şiddətlənən müharibə yerini sülhə necə verdi? ABŞ prezidenti Donald Tramp 48 saat ərzində İranı bombalamaqdan sülhə necə keçdi?
İsrail və İran arasındakı hücumların sona çatmasının ardından bu mövzuda Amerika və İngiltərə qəzetlərində dərc olunan təhlillər diqqət çəkir.
***
“Times” qəzeti yazıb ki, Tramp müharibələri bitirmək vədini düşündüyü üçün ona səs verən seçicilərlə söz verməsi onu hərəkətə məcbur edib.
“Washington Post” qəzeti ABŞ-ın İrana hücumundan dərhal sonra Trampın sülh üçün işə başladığını bildirib.
Bu çərçivədə Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff İranın xarici işlər naziri Abbas Araqçıya zəng edərək, "Gördünüz ki, biz nə edə bilərik? Bizim daha çox gücümüz var. Amma biz sülh istəyirik. Siz də bunu istəməlisiniz", – deyib.
ABŞ və İngiltərə mətbuatının yazdığına görə, Tramp Netanyahuya da zəng edərək, İrana hücumları dayandırmalı olduğunu deyib. Netanyahu bildirib ki, İran ilk hücumları dayandırsa, onları dayandıracaq.
***
Tramp həmçinin ABŞ dövlət katibi Marko Rubioya və vitse-prezident Vensə İranla əlaqə yaratmağı tapşırıb. Rubio və Vens iranlılarla birbaşa və dolayı görüşlər keçiriblər.
Lakin “The Times” qəzetinin yazdığına görə, İran və ABŞ arasında etimad olmadığı üçün Tramp Qətəri işə cəlb etməli olub. O, şəxsən Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə zəng edib. Qətər əmiri də baş nazirə iranlılarla danışıqlar aparmağı tapşırıb.
***
İranlılar ABŞ-ın hücumuna cavab vermədən atəşkəs yaradılması təklifini müsbət qarşılamayıb. İran ABŞ-ın Qətərdəki bazasına əvvəlcədən xəbərdarlıq edərək zərbə endirib.
Həmin gecə İsrailin baş naziri Netanyahu təhlükəsizlik kabinetini topladı və İsrailin İranda bütün məqsədlərinə çatdığını elan etdi.
Qətər bazasına hücumdan bir neçə saat sonra Tramp sosial şəbəkədə atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb.