Heqset NATO Sammitində iştirak etdiyi Haaqada jurnalistlərin suallarını cavablandırıb.
ABŞ-ın İrana endirdiyi hava hücumlarının ölkənin nüvə potensialını məhv etdiyini təkrarlayan Heqset, “tam məxfi” olaraq xarakterizə etdiyi hesabatın sızması ilə bağlı mətbuatda çıxan xəbərlərin “siyasi motivli” olduğunu iddia edib.
Heqset, “Biz indi Federal Təhqiqat Bürosu (FTB) ilə birlikdə bu hesabatın sızması ilə bağlı araşdırma başlatdıq. Bu qiymətləndirmə daxili məqsədlər üçün idi və CNN və digərləri çox müvəffəqiyyətli olan Prezidenti ləkələməyə çalışdılar”, – deyib.
ABŞ prezidenti Donald Trampın mətbuat konfransında da danışan Heqset, bombaların hədəfləri tam olaraq vurduğunu və gözlənilən zərərə səbəb olduğunu müdafiə edərək, “İran da bunu bilir” deyib.
Heqset, hesabatı yenidən xəbər verən medianı tənqid edərək, “Fordoda baş verənləri qiymətləndirmək istəyirsinizsə, İranın nüvə proqramı məhv edildiyi üçün böyük bir kürək götürüb dərin qazmalısınız”, – deyib.
ABŞ-da hazırlanan və ilk olaraq CNN tərəfindən gündəmə gətirilən ilkin kəşfiyyat qiymətləndirməsində qeyd olunub ki, ABŞ-ın həftə sonu üç nüvə obyektinə endirdiyi hava zərbələri İranın nüvə proqramının əsas strukturunu məhv etməyib və yəqin ki, onu yalnız bir neçə aylarla geri qaytarıb.
ABŞ prezidenti Donald Tramp iyunun 21-də ABŞ-ın “B-2” təyyarələrinin İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirdiyini bəyan edərək, hücumların İranın nüvə zənginləşdirmə obyektlərini “tamamilə məhv etdiyini” iddia edib.