Oxucu əsərə görə heç bir məsuliyyət daşımadığı üçün yazıçının həqiqətlərini təhrif, ittiham, hətta təhqir edə bilər. Bu, onun azadlığıdır. Müəllifin belə bir azadlığı yoxdur, o, öz əsərinin məhkumudur.
Dövlətə yanaşmada da məsələ bu cürdür; iqtidar dövlətə yanaşmada məhkumluğu, müxalifət azadlığı təmsil edir. Müxalifət özü də hakimiyyətə gəlsə, məhkumlaşacaq. Məhkumlaşmasa vay o dövlətin halına.
Oxucu o müəllifi sevir ki, əsərdə onun da mövqeyini nəzərə alsın. Bu cür əsərlər yalnız öz dövrünün oxucu nəslini təmsil edir, növbəti nəsillərə lazım olmur. Çünki hər növbəti nəslin öz şərtləri yaranır.
Nəsildən-nəslə ötürülən əsərlər oxucunun mövqeyini nəzərə almayan, bütün məsuliyyətin müəllifin üzərində qaldığı əsərlərdir.
Məsələn, “Uliss” romanı kimi. Bu romanın, demək olar ki, oxucusu olmadı. Amma bu hal onun ədəbi və əbədi dəyəri üçün heç bir təhdid yaratmır.
Oxucu mövqeyini şərik alan minlərlə roman unuduldu, “Uliss” isə uzaqdakı dağların zirvəsində heç vaxt əriməyən qar kimi həmişə görünməkdədir.
Hamı o qarı görür, istəyir ki, ömründə, heç olmasa, bir dəfə o qarlı zirvəyə qalxsın. Amma müəllif oxucu ilə arasına elə bir keçilməz məsafə qoyub ki, oxucu ona ancaq tamaşa edə bilər.
Müəllif oxucuya bulaşmamalıdır, ya səhnəni tərk etməlidir, ya da orada tək qalmalıdır.