Hamısı eyni biçimli, eyni rəngdə kostyumda. Bu teatrda olur. Nə mollaya, nə dinçiyə bənzəmirlər.
Hamısı gənclərdir. Hansısa teatr fakültəsi tələbələri ola bilərlər. Və ya SEPAH-ın nəzdindəki mahnı və rəqs ansamblının üzvləri.
Dəhlizin hər iki yanında çoxsaylı səsgücləndiricilər, divarlarda özəl olaraq quraşdırılmış işıqlar.
Yəni bu xalq istəyinin ifadəsi yox, sovet dönəmindəki rayon komsomol komitəsində kütləvi tədbirlər şöbəsinin təşkil etdiyi şouya bənzəyir.
Lap yaxşı.
Sadəcə bir şeyi də əlavə eləyim.
İran rəhbərliyinin indi belə şoulara ehtiyacı çoxdur.
Durum pisdir. Xalqa, biz hələ ölməmişik, diriyik, heç nə dəyişməyib, mesajı vermək məqsədi güdürlər.
Diqqət verin, belə propoqandon şouları Azərbaycan dilində oxudurlar. Farsca yox.
Bu şounu Təbrizdə, azərbaycanca təşkil olunmasından Quzeydə narahat olublar.
“Ey Güneylə Quzeyi birləşdirənlər, biz bunlaramı birləşəcəyik, vay-vay”, – deyən dostlarımız var.
Birincisi, bu teatrlaşdırılmış şou bir dar məkanda hazırlanıb yapılıb. Təbrizlilərin görüş və düşüncəsini əks etdirdiyini demək yanlış olardı.
Təbrizdə SEPAH-çı, Bəsicçi, molla Amuliçi, Xamneyinin ardıcılı olanların xeyli sayda olduğu danılmazdır.
Bu normaldır.
1990-cı ilədək hər il Bakıda noyabr və may paradlarında iştirak edən, yaşasın KPSS, Yaşasın SSRİ , Leninə eşq olsun, şüarları gəzdirənlərin çoxu sağ salamatdır. Əksəriyyəti bu gün tam fərqli şüarlara əl çalırlar.
Nəhayət, Güney-Quzey birləşməsindən danışanlar bunu necə təsəvvür edirlər?
Güney qalxdı ayağa, gəldi birləşdi , Quzey və Güney birlikdə idarə olunmağa başladı? Beləmi?
Bu mümkünmü sizcə? Məncə yox.
Bu uzun bir prosesdir.
Ən yaxında, Güneylilərin İran xalqları ilə birlikdə öz haqlarını tam əldə etmələri, tam özünüidarə, federasiya və İranın birgə idarə edilməsində Güneylilərin tam iştiraka nail olması hədəf olmalıdır.
Bu alınmasa, İranda xaos yaransa, Güneylilərin özlərini qorumasına yardım etmək lazım gələcək.
Bu hal arzulanan deyil, amma yaransa, yardım qaçılmaz ola bilər.
İkinci mərhələdə, Güneylilər istəyərsə, onlar İrandan ayrı öz müstəqil cühuriyyətlərini qura bilərlər. Özlərini idarə etmələrinə, gərəkli strukturlar qurmalarına, öz dillərinfə məktəb və universitet qurmalarına yardım gərək olacaq.
Daha sonra həm Quzey, həm də Güney istərsə bir birlik, bir konfederasiya, birgə idarə qurula bilər.
Əsas odur ki, Quzey bu işlərdə Güneylilərin yanında olsun, onlara mümkün, hərtərəfli dəstək versin. Prosesin özəlliklə birinci mərhələdə tam dinc, zərərsiz keçməsinə yardım etsin.
Sonda, o gənclərin üzlərinə baxın.
Hansısa bir emosiya görürsünüzmü? Etinasızlıq, candərdi hərəkətlər.