Vaxt.Az

Cənubi Koreyada altı ABŞ vətəndaşı həbs olunub


 

Şimala dəniz yolu ilə düyü və İncil göndərmək istəyiblər

Cənubi Koreyada altı ABŞ vətəndaşı həbs olunub Cənubi Koreya polisi dəniz yolu ilə Şimali Koreyaya 1600 şüşə düyü, ABŞ dolları və İncil göndərməyə çalışan altı ABŞ vətəndaşını saxladığını bildirib.

Mətbuatla danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən bir polis məmuru AP xəbər agentliyinə bildirib ki, amerikalı şübhəlilər dalğalanma zamanı Şimali Koreyaya doğru daşınması üçün şüşələri Qvanqva adasında suya atmağa çalışıblar. Polis məmuru qeyd edib ki, amerikalılar təhlükəsizlik və fəlakətlərin idarə olunması qanununu pozmaqda şübhəli bilinərək araşdırılır. Cənubi Koreya polisi ABŞ vətəndaşlarının saxlanıldığını təsdiqləyib.

Polis mənbələri, altı şübhəlinin əvvəllər Şimali Koreyaya şüşə göndərməyə cəhd edib-etməməsi də daxil olmaqla, əlavə təfərrüat verməyib.

***

Əvvəllər plastik butulkalar və ya uçan balonlardan istifadə edərək sərhəddən Şimali Koreya əleyhinə təbliğat vərəqələri göndərən fəallar Koreya yarımadasında gərginliyə səbəb olmuşdu. Şimali Koreya da bu şüşələrə və sərhəddən göndərilən şarlara qarşı öz şar kampaniyasına başlamış, içərisində zibil olan şarları Cənubi Koreyaya göndərmişdi. Bu şarlardan ən azı ikisi ötən il paytaxt Seulda prezident binalarının yerləşdiyi əraziyə düşmüşdü.

2020-ci ildə Cənubi Koreya Konstitusiya Məhkəməsi Şimali Koreyaya vərəqə və digər əşyaların göndərilməsini cinayət hesab edən qanunu ləğv edərək, bunun “ifadə azadlığını həddindən artıq məhdudlaşdırdığını” bildirib.

Digər tərəfdən, iyunun əvvəlində vəzifəyə başlayan Li Jae Myung-un liberal hökuməti bu cür sivil hərəkətləri təhlükəsizliklə bağlı qanunlarla yatırtmağa çalışır. İyunun 14-də polis Quvanqva adasından Şimali Koreyaya hava şarını uçurduğu iddia edilən fəalı saxlayıb.

 





27.06.2025    çap et  çap et