Vaxt.Az

İnfarkt yerini fərqli xəstəliklərə buraxdı


 

Biri getdi yerinə üçünü gətirdi

İnfarkt yerini fərqli xəstəliklərə buraxdı ABŞ-da son 50 ildə infarktdan ölüm halları demək olar ki, 90 faiz azalsa da, digər ürək xəstəliklərinin də artdığı bildirilir.

Stanford Universiteti Tibb Fakültəsinin tədqiqatçıları tərəfindən aparılan yeni bir araşdırma, 1970-2022-ci illər arasında 25 və daha yuxarı yaşda olan yetkinlərdə ürək xəstəliyindən ölüm nisbətlərini araşdırıb.

***

Tapıntılar göstərdi ki, ümumi ürək xəstəliyindən ölüm halları 66 faiz azalıb, bunun əsas səbəbi infarktdan ölümlərin 89 faiz azalmasıdır.

1970-ci ildə infarkt bütün ürək xəstəliklərindən ölüm hallarının yarısından çoxunu təşkil edirdi, lakin 2022-ci ilə qədər bu rəqəm üçdə birindən də az oldu.

“Son 50 il ərzində bu təkamül infarkt və digər ürək xəstəliklərinin idarə edilməsində inanılmaz uğurları əks etdirir” deyən tədqiqatın müəllifi Sara Kinq, əvvəllər ölümlə nəticələnən hadisələrdən sağ qalma nisbətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayır.

Mütəxəssislər bu uğuru CPR təcrübələrinin, infarktın erkən əlamətləri haqqında məlumatlılığın artması, təkmilləşdirilmiş müalicə üsulları və siqaret qadağası kimi ictimai sağlamlıq tədbirləri ilə əlaqələndirirlər.

***

Bununla belə, araşdırma xəbərdarlıq edir ki, infarktdan sağ qalan insanların sayının artmasına paralel olaraq, digər ürək xəstəliklərindən ölüm nisbətlərində də ciddi artımlar müşahidə olunur.

Ürəyin çox sürətli, çox yavaş və ya nizamsız döyünməsi ilə xarakterizə olunan aritmiyadan ölümlər 450 faiz artıb.

Ürək çatışmazlığından ölüm halları 146 faiz, uzun müddət davam edən yüksək təzyiq nəticəsində ürək xəstəlikləri 106 faiz artıb.

Bu artımların əsasını ABŞ-da son illərdə sürətlə artan piylənmə, diabet və yüksək qan təzyiqi nisbətləri təşkil edir. 1970-ci illərdə 15 faiz olan piylənmə nisbəti 2022-ci ildə yüzdə 40-a yüksəlib. Yetkinlərin demək olar ki, yarısı 2-ci tip diabetdən əziyyət çəkir. 1978-ci ildə 30 faiz olan yüksək qan təzyiqi bu gün 50 faizə yaxınlaşır.

 





27.06.2025    çap et  çap et