Vaxt.Az

“ChatGPT” tələbələri məhv edir


 

Alman məktəblərində Süni intellekt narahatlığı

“ChatGPT” tələbələri məhv edir Almaniyada müəllimlərin böyük əksəriyyəti süni intellektin şagirdlərə təsirini mənfi hesab edir. “Robert Bosch Fondu” tərəfindən hər il keçirilən və iyunun 25-də elan edilən nümayəndəli “Schulbarometer” sorğusuna əsasən, müəllimlərin 61 faizi “ChatGPT” kimi proqramların uşaq və gənclərin sosial və ünsiyyət bacarıqlarını, 60 faizi isə onların tənqidi düşünmə bacarıqlarını təhlükə altına atdığına inanır.

Massaçusets Texnologiya İnstitutunun (MIT) araşdırması müəllimlərin narahatlığını dəstəkləyən nəticələr verib. Araşdırmada 18-39 yaş arası 54 amerikalı üç qrupa bölünüb. İştirakçılar bir neçə ay ərzində dəfələrlə esse yazıblar. Bir qrup yalnız “Google”dan, biri “ChatGPT”dən, üçüncü qrup isə heç bir köməkçi vasitədən istifadə etməyib.

Tədqiqatçılar iştirakçıların beyin fəaliyyətini araşdırdılar və “ChatGPT” istifadə edənlərdə beynin bütün 32 bölgəsində ən aşağı aktivliyi müşahidə ediblər. Bu qrup sinir, linqvistik və davranış aspektləri baxımından orta səviyyədən aşağı nəticə göstərdi. Eksperimentin sonunda məlum olub ki, “ChatGPT”dən istifadə edən iştirakçılar mətnləri daha diqqətsiz hazırlayıb, hətta mətnləri yazmaq əvəzinə köçürüblər.

***

MİT araşdırmasının hələ müstəqil ekspertlər tərəfindən qiymətləndirilmədiyi və iştirakçı sayının məhdud olduğu da vurğulanır. Bununla belə, tədqiqatın aparıcı müəllifi Nataliya Kosmina bildirir ki, tapıntılar böyük dil modellərinin (LLM) xüsusilə gənclərdə öyrənməyə zərər verə biləcəyini göstərir və süni intellektin təhsildəki rolunun daha dərindən araşdırılması lazımdır.

Potsdam Universitetinin təhsil tədqiqatları üzrə professoru və “Schulbarometer” komandasının üzvü Dirk Rixter deyir ki, MİT-in araşdırmasının nəticələri müəllimlərin narahatçılığı ilə üst-üstə düşür. “GoStudent” repetitor platformasının son hesabatına görə, hazırda Almaniyada tələbələrin 87 faizi süni intellekt alətlərindən istifadə edir: “Əgər tələbələr öz öyrənmə proseslərində qısa yollar axtarırlarsa və süni intellektdən bir vasitə kimi istifadə edirlərsə, bir çox əsas səriştələr yoxdur və ya məhdud şəkildə inkişaf etdirilir”, – Rixter deyirb. Bu vəziyyətin sonrakı illərdə və iş həyatında təsirləri ola biləcəyi düşünülür. “Reddit”də bir İT işçisi deyir ki, davamlı olaraq süni intellektdən istifadə edən həmkarı proqramlaşdırmanı öyrənmədiyi üçün işdə “həddən artıq və bahalı səhvlər” edir və bu, “tam bir fəlakətdir”.

***

“Robert Bosch Fondu”nun Təhsil şöbəsinin rəhbəri Daqmar Volfun sözlərinə görə, süni intellektdən daim istifadə edən tələbələr öz mətnlərini inkişaf etdirə və arqumentləri ölçə bilməzlər: "Tədqiqatlar göstərir ki, bu cür autsorsing təcrübələri tənqidi düşünmə bacarıqlarını zəiflədə bilər”, – Volf deyib.

Volf məktəblərdə süni intellektdən istifadəni qadağan etməyi düzgün hesab etmir. Onun sözlərinə görə, müəllimlər bu texnologiya ilə şagirdləri tənqidi düşünməyə və sual verməyə təşviq etməlidirlər. "Əsas məsələ süni intellektdən məktəblərdə istifadə edib-etməmək deyil, onu pedaqoji cəhətdən mənalı şəkildə necə inteqrasiya etməkdir. Bu, ixtisaslı müəllimlər və orijinal düşüncəni təşviq edən möhkəm təhsil modelləri ilə mümkündür", – o vurğulayıb.

 





27.06.2025    çap et  çap et