Dünən arximandrit Mikayel Ajapahyan Etçmiədzin məbədinin qarşısında saxlanılmalı idi, lakin keşişlərin tərəfdarları onu polisdən müdafiə ediblər. Buna baxmayaraq, axşam saatlarında o məhkəməyə aparılıb və gecə saatlarında 2 aylıq həbs qərarı verilib. Ajapahyan “konstitusiyanın devrilməsi” çağırışı ilə ittiham edilib. Onun özü bu ittihamları rədd edərək, “hakimiyyətin özü ölkə üçün əsas təhlükədir” ifadəsi ilə hökuməti sərt tənqid edib.
Bundan əvvəl 25 iyun 2025-ci ildə başqa bir baş keşiş, Baqrat Qalstanyan, “Qutsal Mübarizə” hərəkatının lideri kimi, terror planları və dövlət çevrilişi ittihamları ilə saxlanılıb . Baqratdan fərqli olaraq Mikayelin həbs olunması Katalikostda daha çox narahatlıq yaradıb, çünki dünənki hadisələr göstərdi ki, Paşinyan onun da arxasınca güc strukturlarını kilsəyə göndərəcək.
Xatırladım ki, Paşinyan 8 iyun tarixində Katolikos II Qaregini nikahsız övlad sahibi olmaqda ittiham edib və istefa verməsini tələb edib – bu, hökumətin kilsəyə qarşı tənqidi tonunu yeni mərhələyə daşıyıb.
Kilsə rəhbərliyi bu addımı Ermənistanın “ruhani birlik”lərini parçalamaq cəhdi kimi qiymətləndirib və dövlətin siyasətinə qarşı durub. Rəhbər keşişlərin çoxu Paşinyanı Qarabağ müharibəsində uduzmaq və torpaq güzəştləri etməklə günahlandırıb.
Bu fonda Ermənistandakı müxalifət partiyaları Paşinyana qarşı etimadsızlıqla bağlı ayrı – ayrılıqda qərarlar verməkdədirlər. Rusiya da hadisələri yaxından izləyir.
18 iyunda rusiyalı-erməni milyarder və “Taşir” Qrupunun sahibi Samvel Karapetyan İrəvanda həbs edilib. O, Ermənistan Cinayət Məcəlləsinin 422‑ci maddəsinin 2‑ci bəndi (hakimiyyətin zorakılıqla ələ keçirilməsi çağırışı) ilə ittiham edilib. Həbslə əlaqədar, Karapetyan iki aylıq həbs-qətimkan tədbiri ilə “Armavir” həbsxanasına göndərilib.
Beləliklə, 44 günlük müharibə ilə Ermənistan dövləti erməni diasporu və erməni kilsəsi arasında tarixdə ilk dəfə dərin çatların əsası qoyuldu. Bu gün Ermənistan adlı dövlətin, onun kilsəsinin Qafqazda hansı şərtlər əsasında müqəddararını davam etdirməsindən söhbət gedir.