Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Suriyadakı nümayəndəsinin müavini Haya Əbu Asəf ölkədə 60 ildir ki, belə pis iqlim şəraiti görmədiyinə diqqət çəkir.
***
Yağışların azalması səbəbindən Suriyada su səviyyəsinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə azaldığını vurğulayan Əbu Asəf, “Bu, çox narahatedicidir” deyir.
FAO rəsmisi Suriyada buğda əkin sahələrinin 75 faizinin quraqlıqdan ziyan gördüyünə diqqət çəkib: “Buğda məhsulunda 2 milyon 500 min ilə 2 milyon 700 min ton arasında kəsir gözlənilir, buğda miqdarı yerli ehtiyacları ödəyə bilməyəcək. Bu, Suriyada təxminən 16,3 milyon insanın ərzaq təhlükəsizliyi riski altında olduğu anlamına gəlir”.
2011-ci ildə başlayan vətəndaş müharibəsindən əvvəl Suriya özünü buğda ilə təmin edirdi və ildə orta hesabla 4 milyon 100 min ton buğda istehsal edirdi.
Bununla belə, FAO-nun məlumatına görə, quraqlıq hazırda təxminən 2 milyon 500 min hektar buğda əkin sahəsinə ziyan vurub.
Əbu Asəf deyir ki, quraqlıq əkin sahələri ilə yanaşı, heyvandarlıq üçün istifadə olunan təbii otlaqları da vurur.
***
Əhalinin təxminən 90 faizinin yoxsulluq içində yaşadığı Suriya buğda kəsirini bağlamaq üçün buğda idxal etməli olur.
Əsəd rejimi buğda baxımından Rusiyadan asılı idi. Bəşər Əsədi devirən və Dəməşqin idarəçiliyini ələ keçirən yeni rejim aprel ayında Rusiyadan ilk buğda partiyasının Latakiya limanına gəldiyini açıqlamışdı. Daha çox buğda alışının olacağı bildirilir. Bu arada İraq da Suriyaya 220 min tondan çox buğda bağışlayıb.
Vətəndaş müharibəsi zamanı Əsəd rejimi münbit torpaqlarda fermerlərdən buğda almaq üçün şimal-şərqdəki yarı muxtar kürd rejimi ilə rəqabət aparırdı.
Ötən il Əsəd rejimi buğdanın tonunu 350 dollar, kürdlər isə 310 dollar qiymətinə qoyub.
Dəməşqdəki mövcud rejim bu ay buğda qiymətlərini keyfiyyətindən asılı olaraq ton üçün 290-320 dollar arasında müəyyən edib və həmçinin 130 dollar mükafat nəzərdə tuturdu.
Kürdlərin nəzarəti altında olan şimaldakı rejim buğda istehsalçılarına hər ton üçün 420 dollar, o cümlədən 70 dollar mükafat təklif etdi.
Maraqlıdır, bu rəqabət hara apara bilər və hansı nəticələr verə bilər?
Əsədin devrilməsindən sonra Dəməşq hökuməti ilə ölkənin şimal bölgələrinə nəzarət edən kürdlər oradakı qurum və strukturların Suriya dövlətinə inteqrasiyası barədə razılığa gəlib. İlin sonuna qədər inteqrasiyanın başa çatdırılması üçün danışıqlar davam edir.
***
Suriya Taxıl İdarəsinin direktoru Həsən Osman dövlət televiziyasına Suriyanın özünü təmin etmədiyini etiraf edib. Bununla belə, Osman xaricdən buğda gətirməklə ərzaq təhlükəsizliyini təmin etməyə çalışdıqlarını qeyd edib.
Suriyanın şimal-şərqindəki Amuda şəhərində yaşayan 65 yaşlı fermer Cəmşid Hassu deyir ki, intensiv suvarma səylərinə baxmayaraq, onun buğda becərdiyi təxminən 200 hektarlıq sahəsində məhsul iki dəfə azalıb.
40 ildir əkinçiliklə məşğul olan Hassu deyir ki, qrunt sularının səviyyəsi aşağı düşdükcə əkinlərini qorumaq üçün suyu 160 metrdən çox dərinlikdən çəkməyə məcbur olurlar.
FAO rəsmisi Əbu Asəf yağıntılı buğdanın təxminən 95 faizinin zədələndiyini, suvarılan buğdanın məhsuldarlığının isə 30-40 faiz aşağı düşdüyünü bildirib.
Kənd təsərrüfatı Suriyanın kəndlərində həyati əhəmiyyətli gəlir mənbəyi olaraq qalır, lakin fermerlər təcili dəstək olmadan istehsalı davam etdirmək üçün mübarizə aparacaqlarını deyirlər.
“Dəstək olmadan davam edə bilməyəcəyik. İnsanlar yoxsulluq və aclıqdan əziyyət çəkəcək”, – Hassu bildirib.