Vaxt.Az

Alternativləri yoxdur


 

Elvinlə Muradın transferini praqmatik qərar adlandırmaq olar

Alternativləri yoxdur Elvin Bədəlov və Murad Xaçayevin “Neftçi”yə transferi nəhayət, rəsmi açıqlandı. Bu keçid haqda müzakirələr geniş olduğu üçün qeydləri çatdırmaq istədim. Girişdəcə yazım: Azərbaycan reallığında çox yaxşı transferlərdi. Qınamağa tələsməyin. Niyəsini izah edəcəm.

Bəli, Elvin və Murad yumşaq desək, yüksək səviyyəli müdafiəçilər deyillər. Onların transferi yalnız məcburi xarakter daşıya bilər. Yəni alternativləri yoxdur, ona görə də “Neftçi”yə gətirilib yüksək maaşla təmin olunurlar. Burasını başa düşdük.

Bəli, Samir Abasov faktoru xüsusi rol oynayır. Məşqçi bu cütlüklə “Sumqayıt”da işləyib, qablarında nəyin olduğuna hamıdan yaxşı bələddir. Elvinlə Muradın 3-lü, yaxud 4-lü müdafiədə effektiv olub-olmayacağını, veriləcək tapşırıqların öhdəsindən gəlib-gəlməyəcəyini bilir. Burası da aydındır.

 

Məcburiyyət məqamı...

 

Premyer Liqada legioner limiti götürülsə də, rüsumların yüksəkliyi klublara limitsiz əcnəbi futbolçu gətirmək imkanı vermir. 17 legioneri heyətinə qatmaq istəyən tərəf bunun üçün AFFA-ya 985 000, yəni təxminən 1 milyon manat ödəməli olacaq. Bu qədər xərcə düşməyə uzaqbaşı 2-3 klubumuz razılaşacaq. Bunlar yəqin ki “Qarabağ”, “Sabah” və “Neftçi” ola bilər. Digərlərində maliyyə durumu nisbətən zəifdir, ona görə də onları saymırıq. Tutaq ki, “Neftçi” bu xərcə razılaşdı və 17 legioneri Bakıya gətirdi. Gətirsin, ancaq Liqa üçün heyət bu 17 nəfərdən ibarət deyil, ola da bilməz. Mövsümü yaxşı keçirmək üçün ortalama 28-30 futbolçuya ehtiyac var. Zədə, cəza, müxtəlif digər problemlərə hazırlıqlı olmaq üçün ehtiyat qüvvə yaxşı olmalıdır. Deməli, azı 10-12 yerli gərəkəcək.

 

Kim olacaq bu 12 nəfər?

 

Adi riyazi hesablama ilə mövqelər üzrə bölsək, müdafiə, yarımmüdafiə və hücuma 4 yerli düşür. İndi özünüzə sual verin: Azərbaycanda müdafiənin mərkəzində yaxşı oynaya, “Neftçi”yə kömək edə biləcək və ən əsası hazırkı klublarının yollarını ayırmağa razı olacağı necə yerli futbolçu var? Cavabını deyim: 2 nəfər. Onlar da Elvin və Muraddır. Digərləri ya o qədər yaxşı deyillər, ya ümumiyyətlə yararsızdılar, yararlılarını isə öz komandaları buraxmırlar.

Milliyə baxın. Orda bu mövqedə kimlər oynayır? Bəhlul, Bədavi, Rəhman? Premyer Liqadan gətirilə biləcək kimsə yoxdur.

Bu baxımdan Elvinlə Muradın transferini praqmatik qərar adlandırmaq olar. Elə adlarına, gəldikləri yerlərə baxıb bəyənməməzlik etməyin. Belə baxanda, “Sumqayıt” məhz bu müdafiəçilərlə “son 2 mövsümdə Neftçi”dən daha uğurlu qrafik cızıb..

 





28.06.2025    çap et  çap et