“The Mail on Sunday” qəzetində çıxan xəbərə görə, bu Böyük Britaniyanı “sürü hücumlarından” qorumaq məqsədi güdür.
Müdafiə ekspertlərinin fikrincə, lazer silahları ilə təchiz edilmiş hərbi maşınlar həm hava bazalarının, həm də mühüm milli infrastrukturun qorunmasında effektiv ola bilər. Bu çərçivədə tanklar, zirehli texnika və kəşfiyyat maşınlarına lazerlər quraşdırılacaq. Bu lazerlərin PUA-ları təxminən 1,6 kilometr uzaqlıqdan havada partlada biləcəyi düşünülür.
Lazer planlarının təfərrüatları Böyük Britaniyanın “Rusiya və Çindən gələn təhdidlərə qarşı” müdafiə xərclərini artırdığı bir vaxtda mətbuatda öz əksini tapıb.
Mövzu ilə bağlı verilən məlumata görə, “birbaşa enerji silahları” olaraq bilinən lazerlər, intensiv infraqırmızı şüa ilə atəş açaraq hədəfin qızmasına və partlamasına səbəb olur. Həmçinin lazerlərə PUA-ları izləyə bilən sensorların quraşdırılması gözlənilir. Bu yolla, silahın hədəfində “kilidli” qalmasını təmin etmək düşünülür.
***
Ənənəvi silahlardan fərqli olaraq, bu silahlar öz hədəflərini işıq sürəti ilə vura bilir və sursat baxımından “faktiki olaraq qeyri-məhdud” sayılır.
İngiltərə Müdafiə Nazirliyi bu ayın əvvəlində lazerlərə 1 milyard funt sterlinq sərmayə qoyacağını açıqladı. Lazer planının təfərrüatları nazirliyin müdafiə şirkətlərinə verdiyi “bazar biznesi ilə bağlı ilkin bəyanatında” açıqlanıb.
Qəzetin gördüyü sənədə görə, Müdafiə Nazirliyi “1 kilometrdən çox məsafədə pilotsuz uçuş sistemlərini (PUA) məhv etmək üçün birbaşa lazer enerji silahı” almaq istəyir. Müdafiə şirkətləri 20 milyon funt sterlinqlik müqavilə üçün təklif verərkən sistemlərinin nazirliyin gözləntilərinə cavab verə biləcəyini sübut etməlidirlər.