Bu baş verənlər təsadüfi hadisələr deyil – bu, planlı şəkildə qurulmuş strategiyadır.
AZAL təyyarəsində sərnişinlərin alçaldılması, özbək və qırğız miqrantlara qarşı nümayişkaranə təhqirlər, azərbaycanlılara qarşı reydlər – bunların hamısı eyni zəncirin həlqələridir. Putin illərdir “müttəfiq” adlandırdığı xalqları əslində necə xor gördüyünü gizlətmədən sistemli şəkildə əzir. Ukrayna, Moldova, Qazaxıstan, Gürcüstan – hər biri müxtəlif illərdə “qardaş Rusiya” ilə qonşuluğun nə demək olduğunu acı təcrübə ilə yaşayıb.
Amma Ukrayna bu siyasətin əsas hədəfinə çevrilib. 2022-ci ildə başlayan işğal Rusiyanın üzündəki son maskanı da qopardı: Buça, Mariupol, İrpen, İzyum – bu adlar “rus dünyası”nın tanklarla gəldiyi yerdə nəyə çevrildiyini bütün dünyaya göstərdi. Əl-ayağı bağlanıb qətlə yetirilmiş, güllələnmiş, zorlanmış mülki insanlar – bunlar təsadüfi faciə deyil, dövlət səviyyəsində planlaşdırılmış terror maşınının məhsuludur.
Putin SSRİ-ni qaytarmaq xülyası ilə yaşayır, amma yaratdığı nəsə bərpa olunmuş imperiya deyil — bu, onun eybəcər bir karikaturasından başqa bir şey deyil. Bu “imperiyada” nə ideallar var, nə ədalət, nə də insan həyatına hörmət. Orada yalnız qorxu, təhqir və rəzil zorakılıq hökm sürür.
Məhz bu gün Putinin idarə etdiyi Rusiya bütün postsovet məkanında xaos və şovinizmin qaynağına çevrilib. O, region xalqları arasında qalan son etimad tellərini də qıraraq, nifrət və düşmənçilik toxumu səpir. Çünki yalnız parçalanmış, bir-birinə inanmayan toplumlar üzərində əbədi hökmranlıq etmək mümkündür. Və Rusiya cəmiyyətində şovinizmin bu rejimi qidalandırdığını anlamayanadək, postsovet məkanında sabitlik yalnız bir illüziya olaraq qalacaq.