İranın üç əsas nüvə obyekti – Fordo, Natanz və İsfahan keçən həftə sonu vuruldu. ABŞ prezidenti Donald Tramp obyektlərin yerlə bir olduğunu iddia etdi.
Lakin İranın nüvə proqramına nəzarət edən BMT agentliyi olan Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Fordoda dəyən zərərin miqyasının hələ də bəlli olmadığını bildirib. Dağın dərinliklərində basdırılmış Fordo İranın ən yüksək zənginləşdirilmiş uranın əsas hissəsini istehsal edən obyekt idi.
MAQATE-nin direktoru Rafael Qrossi deyib ki, Fordoda sentrifuqaların ciddi zədələnməsi ehtimalı var. Lakin İranın 9 ton zənginləşdirilmiş uran ehtiyatının – onun 400 kiloqramından çoxu silah səviyyəsinə yaxın zənginləşdirilmişdi və həmin uranın itib-itmədiyi məlum deyildi.
***
“Reuters” agentliyi İranın nüvə proqramına nəzarət edən rəsmilərlə danışıb. Rəsmilərin fikrincə, hücum İrana uran ehtiyatını aradan qaldırmaq üçün mükəmməl örtük təmin etmiş ola bilər.
MAQATE-nin keçmiş baş müfəttişi Olli Heinonen bildirib ki, zədələnmiş obyektlərdən materialın çıxarılması, məhkəmə-tibbi ekspertiza və ətraf mühitdən nümunələrin götürülməsi kimi mürəkkəb proseslər tələb olunur. “Bəzi materiallar əlçatmaz, dağıntılar altında səpələnmiş və ya bombardman zamanı itə bilər.
***
MAQATE-nin məlumatına görə, İranda 400 kq-dan çox 60 faiz saflıqda zənginləşdirilmiş uran var ki, bu da daha zənginləşdirilərsə, doqquz nüvə bombası istehsal etmək üçün kifayətdir.
Bunun hətta kiçik bir hissəsi də Qərb dövlətləri üçün ciddi təhlükədir.
Qrossinin sözlərinə görə, İran iyunun 13-də, ilk hücum günündə nüvə avadanlığı və materiallarını qorumaq üçün tədbirlər gördüyünü bəyan edib. Təfərrüatlar verilməsə də, bu bəzi materialların daşındığını göstərir.
Qərb diplomatı Fordodakı zənginləşdirilmiş uranın çoxunun hücumdan bir neçə gün əvvəl köçürüldüyünü vurğulayaraq, “sanki hücumdan əvvəlcədən xəbərdar idilər”, – deyib.
Hücumdan əvvəl Fordo ətrafında peyk görüntülərində görünən yük maşınları da uranın başqa yerə daşındığına dair şübhələri artırıb. Lakin ABŞ müdafiə naziri Pit Heqset bu məsələ ilə bağlı heç bir kəşfiyyat məlumatının olmadığını bildirib.
***
MAQATE isə İranın agentliyə məlumat vermədiyi yerlərdə əlavə sentrifuqalar saxladığını bildirir. Bu, yeni və ya gizli zənginləşdirmə obyekti ehtimalını artırır. Agentlik İsrailin hava hücumları başlayandan bəri İranda yoxlama apara bilməyib.
Bombardman edilən obyektlərdəki şəraitin təhlükəli olduğunu və orada işin vaxt apara biləcəyini deyən Qrossi, “Qırıntılar var, partlamamış hərbi sursatlar ola bilər”, – deyib.