Vaxt.Az

Məcburiyyət və qorxutma


 

Hər yerdə miqrantlara hərbi müqavilə imzalatdırmağa çalışırlar

Məcburiyyət və qorxutma Rusiyada miqrantlara qarşı əsl ov kampaniyası geniş vüsət alır. Onları təkcə alçaltmır və polis bölmələrində döymürlər, həm də getdikcə daha çox Ukraynaya qarşı müharibədə iştirak etmək üçün müqavilə imzalamağa məcbur edirlər. Güc strukturları kobud, cəzasız və getdikcə daha sistemli şəkildə hərəkət edirlər.

Zərərçəkənlərdən biri – qırğızıstanlı Almazdır. Onun sözlərinə görə, Moskvada sənədləri qaydasında olsa da, izahsız saxlanılıb. Bölmədə polis əməkdaşları onu döyüb, pul tələb edib, təhqir və alçalmalara məruz qoyublar.

“Deyirdilər: “Çurki, bura niyə gəlmisiniz, öz qaydalarınızı qoyursunuz”. Qarında (bağırsaq nahiyəsinə) vururdular ki, iz qalmasın. Məni bölmədə on saatdan çox saxladılar. Bütün əşyalarımı, hətta dərmanlarımı da aldılar. Təzyiq dərmanlarımı qaytarmağımı xahiş etdim – rədd etdilər. Dedilər: “Ölməzsən. Tam pis olsa, təcili yardım çağırarıq”. Hətta uzandığımda biri məni ayaqla təpikləyib dedi ki, “bura dincəlməyə gəlməmisən”, – deyə kişi xatırlayır.

Nəticədə Almaz azadlığa çıxmaq üçün 20 min rubl ödəməyə məcbur olub. “Əvvəlcə 10 verdim. Sonra kartdakı qalığı görəndə hamısını çıxartdırdılar,” – deyir o. Onun sözlərinə görə, bu, ilk dəfə baş vermir.

Başqa bir hadisə - may ayının sonunda Moskvada saxlanılan özbəkistanlı Umarla bağlıdır. Onu dostları ilə birlikdə bölməyə aparıblar, baxmayaraq ki, sənədləri qaydasında olub. Orada onlara Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağı təklif edən sənədlər verilib.

“Mən “imtina edirəm” işarəsini qoydum, amma nə imzaladığımı başa düşmədim. Sonra qışqırdılar: “Niyə döyüşmək istəmirsən?” Bizi orada bir neçə saat saxladılar. İndi qorxuram ki, məni hansısa tələ ilə günahlandırsınlar,” – deyə o bildirir.

Umara bəxti gətirib: zorakılıq olmayıb. Amma başqalarına bu qədər şans düşmür. Hüquq müdafiəçiləri başqa bir özbəkistanlı – Yusufun hadisəsini misal çəkirlər. Onu dəyənəklə döyüb, divara dirəyiblər və açıq şəkildə müharibəyə getməyə məcbur ediblər.

Miqrantların hüquqlarını müdafiə edən hüquq müdafiəçisi Valentina Çupikin sözlərinə görə, bu, artıq yeni normaya çevrilir: “İndi hər polis bölməsində, miqrasiya mərkəzlərində, xüsusi saxlama yerlərində – hər yerdə miqrantlara hərbi müqavilə imzalatdırmağa çalışırlar. Bu, məcburiyyət və qorxutmadır”.

Mərkəzi Asiya ölkələrinin hakimiyyətləri isə öz vətəndaşlarını başqasının müharibələrində iştirak etməməyə çağırır.

 





30.06.2025    çap et  çap et