Rusiyanı nəhəng cüssəsi, balaca başı olan dinozavra bənzətmək olar: dinozavrların yerə böyük asteroid düşdükdən sonra kəskin iqlim dəyişikliyi nəticəsində yox olduğu güman edilir. Əslində hazırkı qəsbkar Rusiya da, dinozavarlar kimi, müasir dünya şərtlərində mövcud olmamalıydı, lakin o, dünyanın “iqlim”ini özü üçün yaşanabiləcək hala gətirməyə çalışmaqla mövcudiyyətini davam etdirməyə can atır. Rusiyanın dünya “iqlim”ini dəyişdirib öz xəstə təxəyyülünə uyğunlaşdırma cəhdləri fəlakətlər, dağıntlar, qan və gözyaşı ilə müşayiət olunur...
Azərbaycan-Rusiya münasibətlərindəki problemlər tərəflərin bu münasibətlərin xarakteri və hansı prinsiplərə əsaslanacağı ilə bağlı fərqli baxışlarından qaynaqlanır. Azərbaycanın ötən müddətdə Rusiya ilə münasibətləri müttəfiqlik səviyyəsinə qədər yüksəltməsi, hətta regional geosiyasətdə Moskvanın maraqları ilə üst-üstə düşən mövqe sərgiləməsi belə Moskvanı qane etmədi. (Qərbin Ermənistanda güclənməsinə qarşı çıxaraq AB missiyasını təhdid elan etmək; Gürcüstanda ehtimal olunan siyasi dəyişikliyə qarşı çıxaraq mövcud hökumətə açıq dəstək vermək və s.) Bakı Moskva ilə qarşılıqlı münasibətlərin suveren bərabərlik prinsipinə əsaslanmasını istəyirdi. Lakin bir daha əyan oldu ki, Rusiya keçmiş koloniyaları ilə müttəfiqliyi və tərəfdaşlığı bərabərhüquqluluq əsasında deyil, süzeren-vassal münasibətləri kimi görür. Bu, Azərbaycan rəhbərliyini məmnun etmədi və onlar bizə məlum olan və olmayan bir sıra hadisələrdən sonra Moskvadan ciddi təhlükələrin qaynaqlandığının yenidən fərqinə vardılar. Problemlərin təməlində yatan səbəblər bunlardır.
Bir daha hali olduğumuz başqa bir həqiqət də budur ki, bu gün Ukrayna dövləti və xalqı ağır bədəllər ödəyərək postsovet coğrafiyasının dövlətləri və xalqları başda olmaqla, bütün insanlıq naminə mübarizə aparır. Bu tarixi əhəmiyyətli müqavimətdə haqlının və məzlumun tərəfində durmaq ən əvvəl bir mənəvi borcdur.