Vaxt.Az

İranda “Starlink”ə qadağa


 

Ölkə parlamenti nəzarətsiz internet çıxışını qadağan etdi

İranda “Starlink”ə qadağa İran Amerikalı iş adamı İlon Maskın “Starlink” peyklərinin ölkədə istifadəsini qadağan edib. İran parlamenti İsraillə casusluq və əməkdaşlıq edənlərə qarşı cəzaların sərtləşdirilməsini nəzərdə tutan 9 maddədən ibarət qanun layihəsini təsdiqləyib. Yeni qanun “Starlink” kimi icazəsiz internet sistemlərindən istifadəni qadağan edəcək, eyni zamanda İsrail, ABŞ və digər düşmən dövlətlər adına həyata keçirilən kəşfiyyat, casusluq və əməliyyat fəaliyyətləri “yer üzündə təxribat” cinayəti çərçivəsində nəzərdən keçiriləcək.

Qanuna görə, ictimaiyyət arasında qorxu və çaxnaşma yarada biləcək, sosial ayrılığa səbəb ola biləcək və ya milli təhlükəsizliyə xələl gətirə biləcək məzmunu istehsal edən və bu məzmunu düşmən və ya xarici media qurumlarına göndərən şəxslər 2 ildən 5 ilədək həbs və ömürlük dövlət vəzifəsində işləmək qadağan ediləcək.

“Starlink” kimi icazəsiz internetə giriş sistemlərinin alınması, satışı, istifadəsi və ya təmin edilməsi qadağan edilib. Bu qaydaları pozanları 6 aydan 2 ilə qədər həbs gözləyir. Bu cihazlardan 10-dan çoxu ilə əməliyyat aparanları 5 ildən 10 ilə qədər həbs gözləyir.

Qanunda qeyd olunur ki, göstərilən cinayətlər müharibə və ya təhlükəsizlik böhranı kimi fövqəladə hallar zamanı törədildikdə, cəzalar 3 dəfə artırıla bilər.

Bundan əlavə, İran parlamentinin qəbul etdiyi sənəddə qanun qüvvəyə minməzdən əvvəl törədilmiş və ya hazırlanmış cinayətlərin də yer aldığı açıqlanıb. Bu cür cinayətləri törədən və ya yardım edən şəxslər qanun qüvvəyə mindikdən sonra 3 gün ərzində özlərini səlahiyyətli orqanlara məlumat vermədikdə, qanunun müddəaları onlara da şamil ediləcək.

 





30.06.2025    çap et  çap et