Vaxt.Az

Simonyanın “Sputniki” can verir


 

Agentliyin Bakı filialında çalışan iki FTX agenti həbs olundu

Simonyanın “Sputniki” can verir "Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslər hüquq-mühafizə orqanlarının avtomobili ilə aparılıb.

16:57

Daxili İşlər Nazirliyinin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərin İqor Kartavıx və Yevgeni Belousov olduqları ehtimal edilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, məhz bu iki şəxsin telefonlarına zəng çatmır.

Qeyd edək ki, İqor Kartavıx habın yeni direktorudur. O bu vəzifədə qalmaqallı Vitali Denisovu əvəz edib.


15:50

Polisin “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin ­Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.

APA xəbər verir ki, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN “Sputnik Azərbaycan”ın Bakıdakı ofisində əməliyyat keçirir.

Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin (rəhbəri Marqarita Simonyan) filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub. Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.

Başqa sözlə, “Sputnik Azərbaycan”ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq.

Lakin “Sputnik Azərbaycan” redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.

 

15:11

Daxili İşlər Nazirliyinin “Sputnik-Azərbaycan” agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanıblar.

“Report” xəbər verir ki, redaksiyanın ətrafında bir neçə polis avtomobili də var.

Xatırladaq ki, iyunun 30-da “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi barədə məlumat daxil olub.

 

12:49

Hazırda “Sputnik Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

“Qafqazinfo” xəbər verir ki, polis ofisi nəzarətə götürüb.

Qeyd edək ki, bir müddət əvvəl “Sputnik Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.

Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.

 





30.06.2025    çap et  çap et