O, nə üzr istəyib, nədəki bu barbarlığın nəticələrinin ədalətli araşdırılacağı vədini verib. Əksinə, xüsusi həyasızlıqla bildirib ki, “Hüquq-mühafizə orqanlarının hərəkətləri diplomatik demarşlar üçün əsas ola bilməz. Biz hesab edirik ki, Rusiyanın hüquq-mühafizə orqanlarının əməliyyat işi ilə bağlı baş verənlər Azərbaycanın Rusiyaya qarşı bu cür demarşına səbəb olmamalıdır”.
Bu boz-qırmızı adam təmsil etdiyi ölkənin güc strukturlarının azərbaycanlılara qarşı tərətdiyi basqın, qətl və işgəncələrə görə deyil, məhz Azərbaycan XİN-in bəyanatına, rəsmi Bakının sərt təpkilərinə görə təəssüfünü bildirib.
“Biz bu cür qərarlara görə ürəkdən təəssüflənirik”, – Peskov bildirib.
Peskovun bu açıqlaması onu göstərir ki, Rusiyanı idarə edənlər başqa reallıqda yaşayırlar. Onlar Yekaterinburqda baş vermiş barbarlığın müttəfiq saydıqları Azərbaycana qarşı nə dərəcədə alçaq hərəkət olduğunu və hüququn zorlandığını dərk edə bilmirlər.
Bu da o deməkdir ki, Kremlin Azərbaycandan üzr istəmək fikri yoxdur.
Yeri gəlmişkən, Peskov ötən ilin dekabrında AZAL-ın təyyarəsi Rusiya tərəfindən vurulanda da buna bənzər açıqlama verməklə Rusiya dövlətinin qeyri-sivil, siyasi mədəniyyətdən məhrum bir ölkə olduğunu nümayiş etdirmişdi.
P.S. Belələrini “arzuolunmaz şəxs”lər siyahısına salmaq vaxtıdır.