Bolqarıstan beş əsr, XIV əsrin sonlarından XIX əsrin sonlarına kimi Osmanlı imperiyasının tərkibində idi. 1876-cı ildə başlayan Aprel üsyanı türklər tərəfindən yatırılsa da, Rusiyanın işə qarışması vəziyyəti dəyişdi. 1877-78-ci illərin rus-türk müharibəsi nəticəsində de-yure muxtar, de-fakto isə müstəqil Bolqarıstan knyazlığı yaradıldı.
Beləcə, 100 mindən çox rus əsgərinin ölümü (döyüş meydanında, yaralardan, xəstəliklərdən) nəticəsində Rusiya Balkanlarda özünə dost dövlət və minnətdar xalq qazandı. Bolqarlar özlərinə knyaz seçəndə də çar II Aleksandrın qohumu, (qaynı oğlu) alman şahzadə Aleksandr Battenberqə üstünlük verdilər. Amma bu idilliya çox qısa sürdü.
Ruslar Bolqarıstanın daxili işlərinə o qədər açıq və kobud müdaxilə etməyə başladılar ki, knyaz Aleksandr Battenberqin öz bibioğlusu III Aleksandrla (1881-ci ildən yeni rus imperatoru) münasibətləri korlandı. Bolqarlar “biz türklərdən ona görə azad olmadıq ki, rusların əsarətinə girək” deməyə başladılar. İş o yerə çatdı ki, ruslar 1886-cı ilin avqustunda çevriliş təşkil edərək Battenberqi devirdilər. Amma sonu uğurlu olmadı. Əks-çevriliş nəticəsində ruspərəstlər devrildilər. Amma Battenberq taxta qayıtmadı.
III Aleksandr 1886-cı ilin sentyabrında general Nikolay Kaulbarsı Bolqarıstana göndərdi. Kaulbars da özünü o qədər yekəxana və kobud apardı ki, Rusiya və Bolqarıstan arasında diplomatik münasibətlər pozuldu. Bolqarıstanın müstəqilliyi üçün 100 min rusun qurban getməsindən cəmi 8 il sonra.
Diplomatik münasibətlər 1896-cı ildə bərpa olunsa da, Bolqarıstan artıq Almaniya və Avstriya-Macarıstanın nüfuz dairəsinə keçmişdi. Ölkə Birinci dünya müharibəsində də Rusiyaya əks düşərgədə yer aldı.
Nəticə: Rusiya heç bir ölkəyə dost gözü ilə baxmır, onları yalnız vassal qismində görür.