Qəzadan sonra başladılan istintaqda təxribat iddiası ilk dəfə rəsmi orqanlar tərəfindən qiymətləndirilməyə başlanıb.
Hindistanın Mülki Aviasiya üzrə Dövlət Naziri Murlidhar Mohol, “Təyyarə Qəzasının Təhqiqat Bürosu genişmiqyaslı təhqiqata başladı. Bütün imkanlar, o cümlədən təxribat ehtimalı qiymətləndirilir”, – deyib.
***
Ölkənin Mülki Aviasiya Nazirliyinin ötən həftə verdiyi açıqlamada, təyyarənin qara qutularından əldə edilən məlumatların təhlilinə başlanıldığı açıqlanıb. Bildirilir ki, bu məlumat qəzaya nəyin səbəb olduğuna aydınlıq gətirmək üçün kritik əhəmiyyətə malikdir.
Qara qutular qəzadan bir neçə gün sonra dağıntılar yerindən çıxarılıb və ciddi təhlükəsizlik tədbirləri altında Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə paytaxt Yeni Dehliyə aparılıb.
Qara qutunun xaricə ekspertizaya göndərilməyəcəyi bildirilir.
Qəza ilə bağlı araşdırmanın həftələr, hətta aylar çəkə biləcəyi bildirilir.
Hindistan hökuməti qəzanın səbəblərini araşdırmaq və oxşar vəziyyətlərə qarşı alına biləcək tədbirləri müəyyən etmək üçün ayrıca yüksək səviyyəli komitə yaradıb. Komitənin 3 ay ərzində ilkin hesabatını təqdim edəcəyi gözlənilir.
***
Qəzadan sonra görülən tədbirlər çərçivəsində “Air India” donanmasına daxil olan bütün “Boeing 787 Dreamliner” təyyarələrində kompleks texniki yoxlamalara başlanılıb. Şirkətin 33 “Dreamliner” təyyarəsi var.
İndiyədək onlardan 26-sı üzrə yoxlamalar başa çatıb. Onlardan 4-ü uzunmüddətli texniki xidmətdə olduqları üçün testdən çıxarılıb. Qalanların da yaxın vaxtlarda yoxlanılacağı gözlənilir.