Vaxt.Az

Rusiyanın dərdi nədir?


 

Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır

Rusiyanın dərdi nədir? Rusiya ilə Azərbaycan arasındakı son gərginliyin təkcə ikitərəfli məsələlərdən qaynaqlanmadığına, geosiyasi arxaplanının da olduğuna şübhə yoxdur. Ehtimal etmək olar ki, Türkiyənin vasitəçiliyi ilə aparılan Ermənistan-Azərbaycan sülh prosesində ciddi irəliləyiş əldə olunub.

Azərbaycan-Fransa münasibətlərindəki son yumşalma fonunda, Qərbin də bu prosesdə önəmli rol oynadığı təxmin edilə bilər. Mart ayında Britaniyanın vasitəçiliyi ilə Fransa-Türkiyə normallaşması başlanılmışdı və bu prosesin Ermənistan-Azərbaycan sülh danışıqlarına təkan verəcəyi, beləliklə də Ermənistandakı rus qoşunlarının çıxarılmasına zəmin yaranacağı gözlənilirdi.

İsrail ilə aktiv toqquşmalardan sonra İranın prioritetlərin dəyişməsi də Rusiyanın Cənubi Qafqazda əlini zəiflədir. Təsadüfi deyil ki, Rusiya sosial mediasında Moskvanın Cənubi Qafqazdakı dayaqlarını itirə biləcəyinə və NATO-nun Türkiyə vasitəsilə Xəzər dənizinə yaxınlaşacağına dair təhlillər önə çıxır.

Son həftələrdə Ermənistanda Paşinyan hökuməti ilə rusyönümlü qüvvələr arasında toqquşmanın qızışması və Rusiyadakı Azərbaycan diasporuna qarşı münasibətin kəskinləşməsi Moskvanın Qafqazdakı geosiyasi gedişata reaksiyaları kimi oxuna bilər. Diasporumuz ətrafında cərəyan edən hadisələr ilə bağlı bəzi dairələr tərəfindən “talış məsələsi”nin aktuallaşdırılması isə xüsusilə narahatvericidir. Məlumdur ki, etnik münaqişələr Moskvanın ənənəvi müdaxilə vasitələrindən biridir. Eyni zamanda, Moskva “talış məsələsi” ilə Tehranı da prosesə daxil etməyə, beləliklə də Qafqazda yeni bir “ortaq maraq” formalaşdırmağa çalışa bilər. Son günlərdə Rusiya dəstəkli mətbuatın İsrailin hücumu ilə bağlı İran-Azərbaycan münasibətlərini qızışdırmağa çalışması da bu xüsusda diqqət çəkir.

Hər halda birmənalıdır ki, Azərbaycan Türkiyənin tam dəstəyini almadan Rusiya ilə başabaş gərginlik yolunu seçməzdi və böyük ehtimal ki, bütün diqqətini Ukrayna cəbhəsində cəmləşdirən Rusiya rəhbərliyi Suriyada olduğu kimi, Qafqazda da Türkiyə ilə açıq qarşıdurmaya getməkdə maraqlı olmaya bilər.

Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır. Ermənistanın Qərbə can atdığı, Gürcüstanın Rusiya orbitinə qayıtdığı bir mənzərədə Azərbaycanın atacağı addımlar və seçəcəyi yol yəqin ki, regionun uzunmüddətli status-kvosunu müəyyən edəcək.

 





01.07.2025    çap et  çap et