Ermənilərin gözlənilən Bakı səfəri ilə bağlı AzVision.az-a açıqlama verən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, ermənilər Bakıya gəlmək istəyirlərsə buyurub gəlsinlər.
«NATO-ya üzv olan dövlətlərə, o cümlədən assosiativ üzvlər bu tədbirlə bağlı Azərbaycana dəvət olunur. Beynəlxalq tədbir olduğuna görə, burada iştirak edən hər bir dövlətə dəvətnamələr verilib. Azərbaycan tərəfi hər bir iştirakçının təhlükəsizliyi üçün tam təminat verib. Əgər onlar iştirak etmək istəyirlərsə, buyurub gələ bilərlər. Problem yoxdur».
Qeyd edək ki, erməni deputatlar Bakıda keçiriləcək NATO-nun «Rose Roth» seminarında iştirak etmək istədiklərini açıqlayıblar. Bu barədə Ermənistanın NATO-dakı erməni nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan deyib. Naqapetyan bildirib ki, erməni nümayəndə heyəti rəsmi Bakının təhlükəsizliyə zəmanət verəcəyi təqdirdə paytaxtımıza gəlmək istəyir. Deputat növbəti il seminarın İrəvanda keçirilməsini təklif etmək fikrində olduqlarını da bildiriblər.