Birigün ABŞ-da açıqlanacaq əmək haqqı rəqəmləri və iyulun 15-də açıqlanacaq istehlakçı inflyasiya rəqəmlərinin və tariflərin iqtisadiyyata təsirinin FED-in qarşıdakı dövrdə izləyəcəyi siyasətlərdə mühüm göstəricilər olacağı gözlənilir.
Dünən ABŞ-ın pul siyasəti ilə bağlı daha əvvəl qiymətləndirmələr edən Atlanta FED sədri Rafael Bostik, tarif artımlarının qiymət artımlarına təsirinin birdəfəlik deyil, mərhələli ola biləcəyini və bunun inflyasiya üzərində daha qalıcı artım təzyiqi yarada biləcəyini deyib. Lakin iki böyük investisiya bankı faiz endirimlərinin davam edəcəyinə inanır.
“Goldman Sachs” FED-in uçot dərəcəsinin azaldılması ilə bağlı təxminlərini irəli sürüb. Baş iqtisadçı Jan Hatziusun rəhbərlik etdiyi bankın iqtisadçıları, tariflərin gözləniləndən “bir az daha az” inflyasiya təsirini əsas gətirərək, FED-in faiz endirimlərinin dekabr-sentyabr ayları arasında başlaması ilə bağlı təxminlərini irəli sürdülər.
“Morgan Stanley”nin Martin Tobias başçılıq etdiyi dərəcə strateqləri də, investorların “2025-ci ildə birdən çox dərəcə endirimi” gözləntilərini dayandırmaq əvəzinə “gücləndirmək” üçün bu həftə açıqlanacaq ABŞ məşğulluq məlumatlarının potensialını əsas gətirərək, dekabr ayı SOFR fyuçers müqavilələrini almağı tövsiyə etdilər.
Bu arada, böyük mərkəzi bankların rəhbərləri bu gün Avropa Mərkəzi Bankının (AMB) Portuqaliyanın Sintra şəhərində təşkil etdiyi forumda bir araya gələcək. FED sədri Cerom Pauell, AMB sədri Kristin Laqard, Yaponiya Bankının (BOJ) rəhbəri Kazuo Ueda, İngiltərə Bankının (BOE) rəhbəri Endrü Beyli və Cənubi Koreya Mərkəzi Bankının sədri Rhi Çanq Yonq eyni panelə qatılacaqlar.