Ölkədə mövcud qanuna görə, 18 yaşından yuxarı kişilər üçün hərbi xidmət məcburidir, lakin könüllülərin sayı kifayət qədər olmadığından, bütün kişilər hərbi xidmətə püşkatma və seçim yolu ilə çağırılır. İndiyədək qadınlar orduya yalnız könüllü gedə bilirdilər. Yeni tənzimləmə ilə qadınlar da məcburi hərbi xidmətə cəlb olunacaq və püşkatma sisteminə daxil ediləcək.
Yeni qanunla məcburi hərbi xidmət müddəti də 4 aydan 11 aya qaldırılacaq. Hərbi xidmətə çağırılanlar ilk 5 ayda ilkin hərbi hazırlıq keçəcək, növbəti 6 ayda isə əməliyyat təlimlərində iştirak edəcəklər. 6 milyon əhalisi olan Danimarkada hazırda 9000 peşəkar əsgər var. Ölkə 2033-cü ilə qədər orduya hər il 6500 yeni çağırışçı əlavə etməyi hədəfləyir.
Bu addımla Danimarka Skandinaviya ölkələri arasında qadınları məcburi hərbi xidmətə cəlb edən üçüncü ölkə oldu. Norveç 2013-cü ildə, İsveç isə 2017-ci ildə qadınları icbari hərbi xidmətə cəlb etmişdi. Danimarkanın bu islahatı Rusiyanın Ukraynaya müdaxiləsi və NATO ölkələrinin artan hərbi xərcləri qarşısında müdafiə qabiliyyətini gücləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.