Paşinyan sosial media hesablarında verdiyi açıqlamada evli ruhaniləri dəstəklədiyini və bunu gizlətmədiyini bildirib.
Bütün evli keşişləri, o cümlədən onu tənqid edənləri öz qardaşı kimi gördüyünü deyən Paşinyan, "Siz mənim qardaşımsınız, çünki xalqı və Allahı aldatmırsınız. Əgər II Katolikosun imtiyazlı vəzifəsində olan din xadimi Qareginin övladı varsa, sizin də övladınız varsa, niyə o, sizdən yüksək mövqe tutmalıdır? Halbuki xalqı aldadan, odur, siz deyilsiniz", – deyib.
Paşinyan, II. Qareginin subaylıq andını pozduğunu iddia edərək, "Zinakar bir "subay" din xadimi niyə sizi idarə etməlidir? O, bu haqqı yalnız subaylıq andına görə qazanıb, həm də o vədini murdarlayıb. II Qaregin də mənim qardaşımdır, amma o, katolikos kreslosunu orada tərk etməlidir, əgər o, ayrılmasa, biz onu birlikdə ayıracağıq", – dedi.
***
Erməni Apostol Kilsəsi ilə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət arasında son vaxtlar gərginlik yaşanıb.
Kilsə Paşinyanı Azərbaycana güzəştə getməkdə ittiham etdiyi halda, Paşinyan kilsəni “dövlət işlərinə qarışmaqda” və “hakimiyyəti ələ keçirməyə cəhddə” ittiham edir.
Paşinyan onu da əsaslandırır ki, II Qaregin subaylıq andını pozub və uşaq dünyaya gətirib və buna görə də dini lider ola bilməz.
Baş nazir Paşinyan “cinayətkar oliqarx ruhanilərin hakimiyyəti qəsb etmək planı hazırladığını” bəyan etmişdi və Ermənistan Milli Təhlükəsizlik Xidməti bu kontekstdə xeyli adamı saxlamışdı.
Hökuməti qanunsuz yollarla devirməyi planlaşdırmaqda ittiham olunan arxiyepiskop Baqrat Qalstanyan da daxil olmaqla ümumilikdə 15 nəfər məhkəmə tərəfindən həbs edilib.
Eçmiədzində Erməni Apostol Kilsəsinin qərargahına qarşı təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda saxlanılan Şirak arxiyepiskopu Mixail Ajapahyanın da saxlanılması barədə qərar qəbul edilib.
Erməni kilsəsinin çağırışı ilə 2024-cü il mayın 4-də Qazax vilayətinin 4 kəndinin Azərbaycana qaytarılması ilə əlaqədar Tavuş və Şirak rayonlarından paytaxt İrəvana yürüş təşkil edilib və bütün ölkə boyu etiraz aksiyaları keçirilib.
Paşinyan istefasını tələb edən kilsəyə cavab verib ki, hakimiyyət dəyişikliyi yalnız seçkilərlə mümkün olacaq.
***
Paşinyana Zareh Aşuryan adlı keşiş tərəfindən “sünnət olunmaqda”, yəni xristian olmamaqda ittiham edilib. Paşinyan keşişin ittihamlarına “Mən bunun əksini sübut etməyə hazıram”, – deyərək cavab verib.